Xəbərlər

Ağdaş Rayon Ağsaqqallar Şurasının növbəti yığıncağı keçirilib

Ümummilli Lider Heydər Əliyevin adını daşıyan şəhər istirahət parkında baş tutan yığıncaqda Ağdaş Rayon Ağsaqqallar Şurasının rəhbər heyəti, eləcə də Şuranın yerli təşkilatların sədrləri, ağsaqqallar, ziyalılar və bir qrup rəsmi şəxslər iştirak ediblər. Tədbirdə cari məsələlərin müzakirəsi ilə yanaşı, Rayon Ağsaqqallar Şurasının üzvü, müdrik ağsaqqal, nüfuzlu ziyalı Veyis Fərrux oğlu Məmmədovun 80 illik yubileyi də qeyd olunub.

Yığıncağı giriş sözü ilə açan Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Qalib Həsənov tədbir iştirakçılarını salamlayaraq son dövrdə təşkilat tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, rayonda ağsaqqallara daim böyük hörmət bəslənilir, onların nəsihət və tövsiyələri həmişə diqqətə alınır. Rayon Ağsaqqallar Şurası işlərini birgə əməkdaşlıq şəraitində quraraq digər təşkilatlarla tədbirlər, görüşlər keçirir, həmçinin Rayon İcra Hakimiyyəti başçısının səyyar və vətəndaş qəbullarında, şəhid ailələrinin ziyarətlərində yerli təşkilat sədrlərinin, ağsaqqalların iştirakı təmin edilir, onların təklif və məsləhətlərinə hörmətlə yanaşılır.

Eyni zamanda yığıncaqda rayonun nüfuzlu ağsaqqalı, Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı, alim-pedaqoq, filologiya elmləri namizədi Veyis Məmmədovun 80 illik yubileyi də qeyd edilib. Çıxış edənlər Veyis Məmmədovun təbrik edərək onun səmərəli fəaliyyətindən, dəyərli xidmətlərindən söz açıblar, yubilyara möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayıblar. Natiqlər, eyni zamanda, öz çıxışlarında ölkəmizin dinamik inkişafından da bəhs edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasəti birmənalı dəstəkləmiş, ağsaqqal və ziyalılara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

Sonda Veyis Məmmədov Ağdaş Rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif edilib və xatirə şəkilləri çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.