Sumqayıt Şəhər Ağsaqqallar Şurasının binasında təşkilatın İdarə Heyətinin, Təftiş Komissiyasının üzvlərinin, eləcə də ərazi, idarə və müəssisə Ağsaqqallar Şuralarının sədrlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində sektor müdiri Fərman Kazımov, sədr müavinləri Faiq İsmayılov, Ofelya Babayeva və Nasir Rzayev, Şuranın İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, ərazi, idarə, müəssisə və təşkilat Ağsaqqallar Şuralarının sədrləri, eləcə də “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, Sumqayıt Şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov və digər şəxslər iştirak ediblər.
Tədbirin gündəliyinə 22 iyun 2026-cı il tarixində keçirilmiş Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransından sonra ötən dövr ərzində görülmüş işlərin yekunları, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri ilə bağlı məsələlər daxil edilib.
Müşavirəni giriş sözü ilə açan Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov gündəlikdə duran məsələlərin əhəmiyyətindən danışaraq, şəhərin ictimai-mədəni həyatında ağsaqqalların üzərinə düşən məsuliyyətli vəzifələrə diqqət çəkib. O qeyd edib ki, ağsaqqallıq yalnız yaş anlayışı deyil, eyni zamanda böyük həyat təcrübəsi, ictimai məsuliyyət, vətəndaş mövqeyi və gənc nəslə örnək olmaq missiyasıdır. Bu baxımdan Şəhər Ağsaqqallar Şurasının fəaliyyətinin daha da gücləndirilməsi, ərazi və təşkilatlarda fəaliyyət göstərən ağsaqqalların ictimai təşəbbüslərinin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Eldar İsmayılov, həmçinin, çıxışında ərazi Ağsaqqallar Şuralarının işinin düzgün təşkilinin əsas prinsiplərini də diqqətə çatdırıb. Bildirib ki, qarşıdakı dövrdə əsas fəaliyyət istiqamətlərindən biri dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mahiyyətinin əhali arasında geniş təbliğ olunması, ölkəmizin əldə etdiyi uğurların, sosial-iqtisadi inkişaf göstəricilərinin və ictimai-siyasi sabitliyin əhəmiyyətinin vətəndaşlara çatdırılmasıdır. Çıxış zamanı Sumqayıt şəhərinə göstərilən yüksək diqqət də xüsusi vurğulanıb. Qeyd edilib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sumqayıta qayğısı nəticəsində şəhərdə son illlər ərzində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, şəhərin siması əhəmiyyətli dərəcədə dəyişib, müasir infrastruktur yaradılıb və sakinlərin rahatlığının təmin olunması istiqamətində mühüm layihələr reallaşdırılıb. Bu prosesdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə görülən işlərə də toxunulub. Bildirilib ki, şəhərdə həyata keçirilən abadlıq, quruculuq, yenidənqurma və sosial layihələrin geniş ictimaiyyətə çatdırılması, əldə olunan nəticələrin obyektiv şəkildə təbliğ edilməsi və sakinlər arasında bu istiqamətdə maarifləndirici işlərin aparılması qarşıda duran mühüm vəzifələrdəndir.
Müşavirədə çıxış edən digər natiqlər də ağsaqqalların cəmiyyətdəki nüfuzuna diqqət çəkərək bildiriblər ki, onların zəngin həyat təcrübəsi, dövlətçilik ənənələrinə sədaqəti və ictimai proseslərdə fəal mövqeyi şəhərin ictimai həyatının daha da canlanmasına mühüm töhfə verir. Bu baxımdan Şəhər Ağsaqqallar Şurası tərəfindən yalnız müxtəlif tədbirlərin keçirilməsi ilə məhdudlaşmayan, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinin qorunmasına, gənc nəslin düzgün istiqamətləndirilməsinə və ictimai həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən işlərin görülməsi vacib hesab olunub. Çıxış edənlər, həmçinin, ərazi, idarə və müəssisə Ağsaqqallar Şuralarının fəaliyyətinin daha səmərəli qurulmasının vacibliyini qeyd ediblər. Bildiriblər ki, hər bir ərazi üzrə mövcud problemlərin öyrənilməsi, sakinlərin müraciət və təkliflərinə həssas yanaşılması, ağsaqqalların ictimai təşəbbüslərinin artırılması və müxtəlif sosial tədbirlərdə onların fəal iştirakının təmin olunması təşkilatların qarşısında duran əsas vəzifələr sırasındadır.
Çıxışlarda gənclərlə iş məsələsinə də xüsusi yer ayrılıb. Qeyd olunub ki, ağsaqqallar öz həyat təcrübələri və nümunəvi davranışları ilə gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, dövlətçilik ənənələrinin qorunmasına mühüm töhfə verə bilərlər. Xüsusilə ailə dəyərlərinin qorunması, cəmiyyətə hörmət, böyüyə ehtiram və kiçiyə qayğı kimi ənənələrin gələcək nəsillərə ötürülməsində ağsaqqalların rolu əvəzsizdir.
Müşavirə iştirakçıları Sumqayıtın son illərdə keçdiyi inkişaf yolunun, şəhərdə yaradılan müasir sosial və ictimai infrastrukturun, həyata keçirilən abadlıq-quruculuq tədbirlərinin sakinlər arasında geniş təbliğ edilməsinin əhəmiyyətini də vurğulayıblar. Bildiriblər ki, şəhərin inkişafı ilə bağlı görülən işlərin ictimaiyyətə çatdırılmasında yerli mətbuatla əməkdaşlığın genişləndirilməsi mühüm amillərdəndir. Bu baxımdan müşavirədə “Sumqayıt” qəzeti ilə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, Ağsaqqallar Şuralarının fəaliyyəti, həyata keçirilən sosial layihələr, ağsaqqalların ictimai təşəbbüsləri və şəhərin ictimai həyatında baş verən mühüm hadisələrin mütəmadi işıqlandırılması məsələləri də diqqət mərkəzində olub. Müşavirədə, həmçinin, ərazi və təşkilat Ağsaqqallar Şuralarının fəaliyyətində intizamın, işgüzarlığın və məsuliyyətin artırılması, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, görülən işlər barədə mütəmadi məlumatların hazırlanması və fəaliyyətin daha çevik əlaqələndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Aparılan geniş fikir mübadiləsinin yekununda qarşıdakı dövr üçün bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Ağsaqqalların şəhərin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirakının təmin edilməsi, əhali ilə əlaqələrin möhkəmləndirilməsi, dövlət siyasətinin mahiyyətinin düzgün izah olunması, Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq işlərinin təbliği, gənclərlə işin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Müşavirə iştirakçıları əminlik ifadə ediblər ki, müəyyənləşdirilən vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi Sumqayıt Şəhər Ağsaqqallar Şurasının fəaliyyətinin daha da gücləndirilməsinə, şəhərin ictimai həyatında ağsaqqalların fəal iştirakının təmin olunmasına və cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı hörmət və həmrəyliyin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.









