Avqust ayının 18-də Azərbaycan Ağsaqqallar Şurasının İmişli və Zərdab rayon təşkilatlarının hesabat-seçki konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, aparatın şöbə müdiri Elşad Quliyev, habelə rayon ağsaqqalları və ziyalıları, şəhid valideynləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
İmişli və Zərdab rayonlarında keçirilən konfranslarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan qəhrəman Vətən övladlarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfranslarda çıxış edən rayon icra hakimiyyətlərinin başçıları Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, iqtisadi tərəqqidən, ordu quruculuğundan və Azərbaycanın hərtərəfli inkişafından danışıblar. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının səmərəli fəaliyyətindən ətraflı bəhs edən natiqlər ağsaqqalların rayonların ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadıqlarını, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində onların xidmətlərinin əvəzsiz olduğunu vurğulayıblar. Hər iki rayonun Ağsaqqallar Şurasına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov və Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov hesabat məruzələri ilə çıxış ediblər. Bildiriblər ki, dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulan ağsaqqallarımız hesabat dövrü ərzində aktual mövzularda keçirilmiş bir çox tədbirlərdə yaxından iştirak və çıxışlar ediblər, şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər keçiriblər, onlara mənəvi dəstək olublar, gənclərimizlə maarifləndirici söhbətlər aparıblar. Natiqlər vurğulayıblar ki, bundan sonra da öz fəaliyyətlərini səmərəli və geniş şəkildə davam etdirəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov öz çıxışında tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq ölkəmizdəki dinamik inkişaf prosesindən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimizin tərəqqi strategiyası hazırda uğurla davam etdirilir, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə yüksək nailiyyətlər qazanır. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının bu ilin aprel ayında keçirilən IX Qurultayından da söz açıb, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ağsaqqallara ünvanladığı müraciətdən bəhs edib. Ölkə başçısının həmin müraciətdə toxunduğu əhəmiyyətli məsələləri diqqətə çatdırıb. Vurğulayıb ki, ağsaqqallar milli-mənəvi dəyərləri qorumalı, yaşatmalı və gələcək nəsillərə çatdırmalıdırlar. Biz gənclərin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak etməli, onları pis vərdişlərdən uzaq tutmalı, artmaqda olan boşanmalara qarşı təsirli tədbirlər görməliyik. Vahid Novruzov Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad edən gənclərimizə ağsaqqalların verdiyi nəsihət və tövsiyələri yüksək dəyərləndirib. Vurğulayıb ki, cəmiyyətimizin, xüsusilə gənc nəslin ağsaqqal sözünə, ağsaqqal məsləhətinə hər zaman ehtiyacı vardır. Çıxışının sonunda natiq hər iki rayon təşkilatının hesabatını qənaətbəxş hesab edib və əmin olduğunu bildirib ki, yerli təşkilatlar öz fəaliyyətlərini bundan sonra da səmərəli və effektiv şəkildə davam etdirəcəklər.
Konfranslarda çıxış edən digər natiqlər də ağsaqqalların cəmiyyətdəki yeri, gənc nəslin milli ruhda tərbiyəsində rolu barədə danışıblar. Rayon Ağsaqqallar Şuralarının qarşısında duran vəzifələrdən söz açıblar. Bildiriblər ki, ağsaqqallar gələcəkdə də rayonların ictimai-siyasi və mədəni həyatında fəallıq nümayiş etdirəcəklər.
Zərdab rayonunda keçirilən konfransda təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Rasim Hüseynovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Zərdab Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından, eləcə də ictimai fəal qadınlardan ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və digər tədbir iştirakçıları yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Konfransların sonunda xatirə şəkilləri çəkilib.


















