Xəbərlər

Ağsaqqallar Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak ediblər

Sentyabrın 1-də ağsaqqalların iştirakı ilə Mərdəkan qəsəbəsinin Pir Həsən ziyarətgahında görkəmli xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 102-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Hacı Zeynalabdin Tağıyevin böyük qızı Sara xanımın nəticəsi İnessa Kərimova, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü Hicran Şərifov, Xəzər Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Altay Mansurov, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Axund Abuturab türbəsində yerləşən Hacı Zeynalabdin Tağıyevin və qızı Sara xanımın məzarları önünə gül dəstələri düzərək əziz xatirələrini dərin ehtiramla anıblar.

Mərasimdə çıxış edən ağsaqqallar və digər natiqlər Hacı Zeynalabdin Tağıyevin Azərbaycan xalqının inkişafı və maariflənməsi yolunda gördüyü böyük işlərdən bəhs ediblər. Onun sahibkar və milyonçu olmaqla yanaşı, vətənpərvər xeyriyyəçi kimi tanındığını, sahib olduğu sərvətin mühüm hissəsini xalqının təhsilinə, rifahına və gələcəyinə sərf etdiyini vurğulayıblar. Bildiriblər ki, böyük şəxsiyyətin təşəbbüsü ilə yaradılan məktəblər Azərbaycan maarifçiliyi tarixində mühüm iz qoyub və xüsusilə qızların təhsilinə göstərdiyi diqqət onun uzaqgörənliyinin parlaq nümunəsidir. Natiqlər Hacı Zeynalabdin Tağıyevin zəngin irsinin gələcək nəsillər üçün örnək olduğunu, onun xalqımız qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağını diqqətə çatdırıblar. Vurğulayıblar ki, böyük xeyriyyəçinin adı və nəcib əməlləri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Sonda Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxunub, onun əziz xatirəsi bir daha ehtiramla yad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.