Ağdaş Rayon Ağsaqqallar Şurası digər tədbirlərin keçirilməsi ilə yanaşı, şəhid ailələrinə ziyarətləri də müntəzəm şəkildə davam etdirirlər. Belə ki, növbəti dəfə Rayon Ağsaqqallar Şurasının sədri Qalib Həsənov və Şura üzvləri yerli təşkilatların nümayəndələri ilə birlikdə Şəmsabad kəndində şəhid Feyruzlu Əlibəy Samir oğlunun, Abad kəndində isə şəhid Qurbanov Fəqan Daşqın oğlunun ailələrini ziyarət ediblər. Əlibəy Feyruzlunun doğum günü, Fəqan Qurbanovun isə şəhid olmasının ildönümləri ilə əlaqədar təşkil olunan anım məclislərində ağsaqqallar hər iki şəhidin valideynlərinə başsağlığı vermiş, şərəfli yol keçən qəhrəman oğullar böyütdüklərinə görə onlara bir daha minnətdarlıqlarını bildirmişlər. Ziyarətçilər şəhidlərin ruhuna dualar oxumuş və rəhmət diləmişlər.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edən Əlibəy Feyruzlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əlibəy Feyruzlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan–Azərbaycan sərhədinin Laçın–Kəlbəcər istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan Xəqan Qurbanov da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Ağdaş Rayon Ağsaqqallar Şurasının üzvləri şəhid ailələrini ziyarət ediblər
- 16-09-2026
- [15:12]
- []
16
Sen




