Sentyabr ayının 22-də Azərbaycan Ağsaqqallar Şurasının Ucar və Yevlax rayon təşkilatlarında hesabat-seçki konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, habelə rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyevi və tədbir iştirakçılarını salamlayan icra hakimiyyətlərinin başçıları bildiriblər ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax və Ucar rayonlarında da ağsaqqal sözü, ağsaqqal nəsihəti hər kəs üçün böyük əhəmiyyət kəsb edir. Natiqlər rayonların ictimai-siyasi və mədəni həyatında, gənc nəslin sağlam təməllər üzərində formalaşmasında ağsaqqalların daim xüsusi rol oynadıqlarını vurğulayıblar. Bildiriblər ki, ağsaqqallara həmişə böyük diqqət ayıran, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıran Ümummilli Lider Heydər Əliyevin yolunu hər sahədə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ağsaqqallara hərtərəfli qayğı ilə yanaşır. Çıxışlarının sonunda rayon rəhbərləri konfransların işinə uğurlar arzulayıblar.
Sonra Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov və Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev təşkilatların fəaliyyətləri ilə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Məruzələrdə bildiriblər ki, hesabat dövrü ərzində rayon təşkilatları öz fəaliyyətlərini Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinə, yerli təşkilatlar üçün nəzərdə tutulmuş Əsasnaməyə və təsdiq olunmuş İş Planına uyğun quraraq rayonların ictimai-siyasi və mədəni həyatında, sosial-iqtisadi sahələrin inkişafında və bir çox aktual məsələlərin həllində yaxından iştirak edirlər. Rayon ağsaqqalları xalqımızın milli-mənəvi dəyərlərinin, adət və ənənələrinin qorunması, yaşadılması və gələcək nəslə ötürülməsi, gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsi və digər məsələlərlə bağlı tədbirlər, maarifləndirici görüşlər keçirir, problemlərin həllinə öz töhfələrini verirlər. Sonda sədrlər vurğulayıblar ki, Vətənimizin inkişafı naminə gələcəkdə də öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq, ona doğma olan Yevlax və Ucar rayonlarında ağsaqqallarla və sakinlərlə növbəti dəfə görüşdüyü üçün böyük məmnunluq hissi keçirdiyini bildirib. Natiq Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün atılan səmərəli addımlardan söz açıb. Vurğulayıb ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan nüfuzlu, qüdrətli və güclü iqtisadiyyata malik bir ölkəyə çevrilib. Ağalar Vəliyev öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının son illərdə daha da canlanan aktiv fəaliyyətindən də ətraflı bəhs edib. Həmçinin Yevlax və Ucar rayonlarının Ağsaqqallar Şuralarının hesabatlarını qənaətbəxş qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, şəhər və rayonlarımızda aparılan işlər göstərir ki, Şura yalnız paytaxt səviyyəsində deyil, bütün bölgələrdə insanları bir araya gətirərək onları ümumi məqsədlər ətrafında birləşdirən və müxtəlif sahələrdə səmərəli fəaliyyət həyata keçirən güclü bir qurumdur.
Çıxış edən digər natiqlər də Rayon Ağsaqqallar Şuralarının fəaliyyətini qənaətbəxş qiymətləndirərək, ağsaqqallarımızın bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edəcəklərinə əmin olduqlarını bildiriblər.
Konfranslarda təşkilati məsələlər də müzakirə olunub. Hər iki rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədrləri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Açıq səsvermə yolu ilə Minnət Mürsəlov Yevlax Rayon Ağsaqqallar Şurasının, Mirzalı Ağamalıyev isə Ucar Rayon Ağsaqqallar Şurasının sədri seçiliblər. Sonra isə onların təqdimatı əsasında hər iki rayonun ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Yevlaxda keçirilən konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Ağalar Vəliyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən və bu yaxınlarda 75 yaşı tamam olan Rayon Agsaqqallar Şurasının sədri Minnət Mürsəlovun xalqımıza və vətənimizə göstərdiyi dəyərli xidmətlərinə görə və yubileyi münasibətlə Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev və İdarə Heyətinin üzvləri tərəfindən “Fəxri Ağsaqqal” döş nişanına layiq görüldüyünü vurğulayıb və döş nişanını rayon sədrinə təqdim edərək ona səmimi arzularını çatdırıb.





















