Xəbərlər

Şəki Rayon Ağsaqqallar Şurasının üzvləri şəhidin anım mərasimində iştirak ediblər

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki rayonunda da ehtiramla yad edilir. Anım mərasimlərində Şəki Rayon Ağsaqqallar Şurasının üzvləri də yaxından iştirak edirlər.
Sentyabrın 22-də Şəki Rayon Ağsaqqallar Şurasının üzvləri, Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının nümayəndələri, şəhid valideynləri, qazilər, müəllim və şagirdlər antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarını ziyarət edərək qəhrəman şəhidin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub, onların vətənpərvərliyindən və şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.
Mərasimdə çıxış edən Şəki Rayon Ağsaqqallar Şurasının sədri, I Qarabağ müharibəsi veteranı Vaqif Əhmədov şəhidlərimizin qəhrəmanlıq salnaməsinin gələcəyimiz olan gənclərimizin arasında davamlı təbliğ olunmasının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, ölməz şəhidlərimizin xatirəsinin heç vaxt unudulmaması, bu sahədə vətənpərvərlik və maarifləndirmə işlərinin aparılması biz ağsaqqalların və hər bir Azərbaycan vətəndaşının ülvü borcudur. Natiq dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan da bəhs edərək şəhid Bəxtiyar İdrisovun ailəsinə bir daha belə igid övlad böyütdüklərinə görə dərin ehtiramını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.