Xəbərlər

TAHİR SÜLEYMANOV – 78

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, görkəmli ictimai-siyasi xadim, müdrik ağsaqqal, yüksək mənəviyyatı, alicənablığı və insanpərvərliyi ilə daim seçilən Tahir Süleymanovun 78 yaşı tamam olur.

Şərəfli ömür yolu, zəngin həyat təcrübəsi və çoxillik ictimai-siyasi fəaliyyəti ilə xalqımıza və dövlətimizə layiqli xidmət nümunəsi göstərən Tahir Süleymanov cəmiyyətimizdə sözünə, mövqeyinə və şəxsiyyətinə böyük ehtiram bəslənilən vətənpərvər ziyalıdır. Onun fəaliyyətinin bütün mərhələlərini səciyyələndirən əsas xüsusiyyətlər yüksək vətəndaşlıq mövqeyi, məsuliyyətli yanaşma, təmkin, prinsipiallıq və insanlarla səmimi münasibətdir. Tahir Süleymanovun Azərbaycan Respublikasının Milli Məclisində dörd çağırış deputat kimi uğurlu fəaliyyəti onun dövlət idarəçiliyi və qanunvericilik sahəsində uzun illər ərzində qazandığı zəngin təcrübənin mühüm göstəricisidir. Xalqımızın layiqli millət vəkili olaraq Milli Məclisdə fəaliyyəti dövründə ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq parlament əlaqələrinin genişləndirilməsinə mühüm töhfələr vermişdir.

Onun ictimai-siyasi fəaliyyətinin mühüm cəhətlərindən biri də hər zaman milli-mənəvi dəyərlərə, ailə və cəmiyyət ənənələrinə yüksək ehtiramla yanaşmasıdır. Tahir Süleymanov üçün ağsaqqallıq yalnız yaş və həyat təcrübəsi deyil, ilk növbədə, mənəvi məsuliyyət, insanlara dayaq olmaq, gənclərə düzgün istiqamət vermək və cəmiyyətin həmrəyliyinə xidmət etmək missiyasıdır. Məhz bu baxımdan onun Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətində yaxından iştirak etməsi, bölgələrdə ağsaqqalların ictimai rolunun daha da möhkəmləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşmasına dəstək göstərməsi onun zəngin həyat təcrübəsini cəmiyyətimizin inkişafına yönəltməsinin parlaq nümunəsidir.

Dövlətimiz tərəfindən Tahir Süleymanovun “Şöhrət” ordeni, 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Fəxri Ağsaqqal” döş nişanı, müxtəlif beynəlxalq mükafat və diplomlarla təltif olunması onun ölkəmizin ictimai-siyasi həyatında xidmətlərinin yüksək dəyərləndirilməsinin bariz göstəricisidir.

Tahir Süleymanovun şəxsiyyətini tamamlayan mühüm keyfiyyətlərdən biri də onun ailəsinə, övladlarına və doğmalarına bağlılığı, ailə dəyərlərinə xüsusi önəm verməsidir. O, uzun illər ərzində yalnız ictimai-siyasi fəaliyyəti ilə deyil, həm də ailəsində yaratdığı sağlam mənəvi mühit, övladlarına aşıladığı vətənpərvərlik, zəhmətsevərlik və insanlara hörmət prinsipləri ilə nümunə olmuşdur. Övladlarının, o cümlədən Milli Məclisin deputatı Mahir Süleymanovun ictimai və siyasi fəaliyyətində nümayiş etdirdiyi məsuliyyətli mövqedə bu zəngin tərbiyə və ailə məktəbinin mühüm izlərini görmək mümkündür.

Əziz Tahir müəllim!

Bu əlamətdar gündə Sizi – Azərbaycan Ağsaqqallar Şurasının dəyərli sədr müavinini, həyatını xalqımıza və dövlətimizə xidmətə həsr etmiş görkəmli ictimai-siyasi xadimi, müdrik ağsaqqalımızı şərəfli ömrünüzün 78-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənizlə birlikdə firavan və xoş günlər, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili,

professor Eldar QULİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.