23 sentyabr 2026-cı il tarixdə Beyləqan Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Şuranın İdarə Heyətinin yeni seçilmiş üzvləri və digər rəsmilər iştirak ediblər.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov İdarə Heyətinin yeni seçilmiş üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri çıxışında ağsaqqalların cəmiyyət həyatında mühüm rolundan, onların zəngin həyat təcrübəsi və müdrik tövsiyələrinin ictimai münasibətlərin sağlam əsaslar üzərində qurulmasındakı əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində ağsaqqallara daim xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, Beyləqan Rayon Ağsaqqallar Şurasının fəaliyyəti rayonun ictimai-mədəni həyatında fəal iştirakın təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin düzgün istiqamətləndirilməsi baxımından əhəmiyyətlidir. Əziz Əzizov çıxışının sonunda Şura üzvlərinin öz təcrübə və tövsiyələri ilə rayonun ictimai-mədəni həyatına bundan sonra da töhfə verəcəklərinə əminliyini ifadə edib.
Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğının onların ictimai fəaliyyətinə böyük stimul verdiyini bildirib. O, Şuranın rayon ərazisində fəaliyyəti, görülən işlər, eləcə də İdarə Heyətinin yeni seçilmiş üzvləri barədə məlumat verib. Etibar İmanov Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Şuranın fəaliyyətinə göstərilən diqqət və dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq rayon rəhbərliyinə qarşılıqlı əməkdaşlıq və mənəvi dəstəyə görə təşəkkür edib.
Konfransda Şuranın İdarə Heyətinin yeni seçilmiş üzvləri və digər natiqlər də çıxış edərək ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı fəallığından, təşkilatın qarşıdakı dövrdə fəaliyyət istiqamətlərindən, ağsaqqalların təcrübəsindən daha səmərəli istifadə olunmasının vacibliyindən danışıblar.
Sonda Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin yeni seçilmiş üzvlərinə üzvlük vəsiqələri təqdim olunub. Daha sonra konfrans iştirakçıları ilə xatirə şəkli çəkdirilib.





