Ağstafa Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eləcə də ağsaqqalların, ziyalıların, Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun, Rayon Təhsil Sektorunun nümayəndələrinin və şəhər 1, 2, 3 saylı tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti tədbir keçirilib. Tədbirdə əsas müzakirə mövzuları 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Müasir Azərbaycan gəncliyi – tarix yazan qəhrəmanlar” və “Erkən evlilik, narkomaniya və zərərli vərdişlərə yox deyək” mövzuları olmuşdur.
Tədbirdən əvvəl 1 saylı tam orta məktəbin önündə şəhid Elvin İmaməliyevin xatirə lövhəsi ziyarət olunmuş, sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş nitqi ilə açan Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev çıxış edərək gənclərin mənsub olduğu xalqın inkişafında, ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynamasından, hər bir xalqın gələcək taleyinin onun gənc nəslinin milli-mənəvi dəyərlərlə zənginliyindən, torpağını, vətənini, dövlətini, dövlətçiliyi nə dərəcə sevməyindən, dünyada baş verən yeniliklərə, elmi-texniki tərəqqiyə yiyələnmə səviyyəsindən, öz intellektual bilik və bacarığını inkişaf etdirməyə olan marağını artırmağa meyilli olmasından və bununla yanaşı bütün sahələrdə layiqincə təmsil edilməsindən asılı olduğunu vurğulamışdır. Sənan Mustafayev çıxışında gənclərimizdə vətənpərvərlik, milli mənəvi dəyərlərə sadiqlik hisslərinin məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdən daha da artdığını xüsusi qeyd etmişdir. Bildirmişdir ki, Ümummilli Liderimiz tərəfindən “Gənclər günü” təsis edildi, ölkənin idarə olunmasında gənclərimizə xüsusi yer verildi. Ailələrdə, məktəblərdə, cəmiyyətdə gənclərə aşılanan vətənpərvərlik, millətini, torpağını sevmək hissləri bundan sonra davamlı olaraq möhkəmləndi. Gənclərlə aparılan uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da təkmilləşdirildi, proqramlar təsdiq olundu. Hər bir azərbaycanlı ailəsi və hakimiyyətin birgə səyləri nəticəsində bu gün dünyaya öz qəhrəmanlığı ilə səs salan müasir Azərbaycan gəncliyi yarandı. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı qəhrəman övladlarımız müasir gəncliyimizin gücünü bütün dünyaya sübut etdi. Sənan Mustafayev çıxışında gənclər və yeniyetmələrin ölkənin idarə olunmasında, sosial, mədəniyyət, idman və digər sahələrdə uğurlar əldə etmələrini, bilik sahibi olmalarını, müasir texnologiyaların sirlərini öyrənmələrini, vətənpərvər olmalarını, valideynlərinə, böyüklərə, müəllimlərinə ehtiram, yaşlılarına hörmət və özlərindən kiçiklərə qayğı ilə yanaşmalarını arzulayaraq, onlara gələcək təhsil və iş həyatlarında uğurlar arzulayıb.
Tədbirdə Ağstafa RİH başçısının müavini Lalə Eyyubova, Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun rəhbəri Turan Hüseynov, Azərbaycan Yazıçılar birliyinin üzvü, “İctimai fikir” beynəlxalq ictimai-ədəbi-bədii jurnalın baş redaktoru Mirvari Xəlilzadə, 1 saylı tam orta məktəbin psixoloqu Rəqsanə Nəsibova, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşı – polis kapitanı Nurlan Niyazlı, həkim Sahibə Babayeva tədbirin mövzuları ətrafında geniş çıxışlar ediblər. Bundan sonra iki nəfər gənc idman sahəsində qazandıqları uğurlara, 1 nəfər yaşlı nəslin nümayəndəsi isə uzun illər Ağstafa şəhərinin məişət-kommunal sahəsində səmərəli fəaliyyətinə görə Ağstafa Rayon Ağsaqqallar Şurasının Fəxri fərmanları ilə təltif ediliblər.
Sonda tədbir iştirakçıları 1 saylı məktəbin önündə xatirə şəkli çəkdiriblər.







