BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə qəbul edilən Qətnaməyə uyğun olaraq hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. Ahıllar cəmiyyətin sərvətidir. Respublikamızın hər bir şəhər və rayonunda olduğu kimi, Nəsimi rayonunda da ahıllar, ziyalılar diqqət və qayğı ilə əhatə olunur, rayon ağsaqqallarına böyük hörmət və ehtiram göstərilir. Xüsusilə, son illərdə Nəsimi Rayon Ağsaqqallar Şurası rayon ahıllarına və ağsaqqallarına göstərilən həmin ənənəni uğurla davam etdirir.
Bu il 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Nəsimi Rayon Ağsaqqallar Şurasının qaldırdığı təşəbbüslə bağlı rayon ərazisində yerləşən “Bakı Şəhər Herantoloji Mərkəz”də “Açıq Qapı” aylığı keçirilir. Bu ilin sentyabr ayının 15-də başlayan bu aksiya oktyabrın 15-ə qədər davam edəcək. Məhz bu baxımdan rayon ağsaqqallarından 100-ə yaxın herontoloji yaş qrupundan olan kontingent (ahıl vətəndaşlar) ixtisaslaşmış heriatrik müayinə, müalicə alınması və dispanseriyası məqsədilə “Bakı Şəhər Herantoloji Mərkəz”ə yönəldilmişdir. Hazırda ahıl insanlar tərəfindən böyük məmnunluq hissi ilə qarşılanan bu aksiya davam etdirilir.









