Ömrünü xalqımıza, dövlətimizə və cəmiyyətimizə xidmətə həsr etmiş bütün ahıl vətəndaşlarımızı, dəyərli ağsaqqallarımızı və ağbirçəklərimizi 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və mənəvi rahatlıq arzulayırıq!
Beynəlxalq Ahıllar Günü insan həyatının ən qiymətli sərvətlərindən biri olan müdrikliyə, həyat təcrübəsinə və mənəvi zənginliyə ehtiramın ifadəsidir. İllərin sınağından keçərək böyük həyat məktəbi formalaşdırmış ahıl nəslin nümayəndələri xalqımızın keçmişi ilə bu günü arasında möhkəm mənəvi körpü yaradır, milli dəyərlərimizin yaşadılmasında və gələcək nəsillərə çatdırılmasında mühüm missiya daşıyırlar. Azərbaycan cəmiyyətində ağsaqqala və ağbirçəyə ehtiram xalqımızın əsrlər boyu formalaşmış mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsidir. Ağsaqqal sözü müdrikliyin, təmkinin və düzgün yol göstərməyin, ağbirçək sözü isə ailə ocağının, xeyir-duanın və mənəvi bütövlüyün rəmzi kimi qəbul edilir. Bu baxımdan yaşlı nəslin hər bir nümayəndəsi xalqımızın zəngin mənəvi irsinin canlı daşıyıcısıdır.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində yaşlı nəslə, ağsaqqal və ağbirçəklərə hər zaman xüsusi diqqət göstərilmiş, onların cəmiyyət həyatındakı rolu yüksək dəyərləndirilmişdir. Təsadüfi deyil ki, Ümummilli Liderimiz ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmış, onlara daim öz dərin ehtiramını ifadə etmişdir. Bu ənənə bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biri ahıl vətəndaşların layiqli həyat şəraitinin, sosial müdafiəsinin və rifahının təmin olunması, onların cəmiyyətin fəal və dəyərli üzvləri kimi diqqət və qayğı ilə əhatə edilməsidir.
Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də öz fəaliyyətimizdə daim yaşlı nəslin zəngin həyat təcrübəsinə, müdrik sözünə və nəsillərarası mənəvi bağların möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir, ahıl üzvlərimizi diqqət mərkəzində saxlayır, onların qiymətli təcrübə və məsləhətlərindən faydalanmağa çalışırıq. Çünki ağsaqqal və ağbirçək əslində bütöv bir millətin tarixi, kimliyi, qüruru və ən böyük dəyəridir. Əminik ki, ağsaqqallarımızın və ağbirçəklərimizin həyat yolu, zəngin təcrübəsi, vətənə və xalqa xidmət nümunələri gənc nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və cəmiyyətimizin mənəvi bütövlüyünün möhkəmləndirilməsində bundan sonra da mühüm rol oynayacaqdır.
Əziz ağsaqqallarımız və ağbirçəklərimiz!
Sizin keçdiyiniz həyat yolu bizim üçün qiymətli bir örnək, nəsillər üçün isə zəngin bir mənəvi xəzinədir. 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə bir daha hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, xoş günlər və firavan həyat diləyirik! Arzu edirik ki, ömrünüzün hər günü doğmalarınızın sevgisi, övladlarınızın və nəvələrinizin qayğısı, xalqımıza və dövlətimizə xidmət etmiş olmağın qüruru ilə daha da mənalı olsun. Həyatınızın bu müdriklik çağında könlünüz daim rahat, süfrəniz bərəkətli, eviniz işıqlı, ocağınız isti olsun!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın
sədri, millət vəkili, professor Eldar QULİYEV