Oktyabr ayının 1-də Sabunçu rayonu Maştağa qəsəbəsi 128 nömrəli tam orta məktəbdə “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, Bakıxanov qəsəbəsi Ağsaqqallar Şurasının sədri Sabir İsayev, məktəbin direktoru Sədaqət Əliyeva, Vətən Müharibəsi ictimai birliyinin sədri, qazi Mustafa Mustafayev, qazi Ağahüseyn Musayev,eləcə də müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov öz çıxışında tədbirin çox vacib və hər birimizin həyatına birbaşa aid olan – gənclər arasında sağlam həyat tərzinin təbliği mövzusuna həsr edilməsini yüksək qiymətləndirib. Bildirib ki, sağlam həyat tərzi yalnız xəstəliklərdən qorunmaq deyil, həm də insanın öz sağlamlığına, gələcəyinə və həyatına məsuliyyətlə yanaşması deməkdir. Unutmayaq ki, sağlam bədənlə yanaşı, sağlam düşüncə də vacibdir və bunun üçün mütaliə etmək, faydalı məşğuliyyətlərə vaxt ayırmaq, müəllimlərin və valideynlərin düzgün məsləhətlərindən yararlanmaq lazımdır. Natiq dövlətimiz tərəfindən gənclərin sağlam, savadlı və vətənpərvər böyüməsi üçün geniş imkanların yaradıldığını vurğulayıb və əmin olduğunu bildirib ki, hər bir gəncimiz sağlamlığına diqqətlə yanaşacaq, özü üçün düzgün həyat prinsipləri formalaşdıracaq və gələcəkdə cəmiyyətimizə layiqli töhfələr verəcəkdir.
Tədbirdə çıxış edən Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov sağlamlığın insanın sahib olduğu ən böyük nemətlərdən biri olduğunu və bu nemətin qədrini gənc yaşlarından bilməyin olduqca vacibliyini vurğulayıb. Bildirib ki, sağlam bədən, sağlam ruh və düzgün həyat tərzi insanın xoşbəxt və uzun ömür sürməsinin əsas şərtlərindəndir. Sonra natiq üzünü şagirdlərə tutaraq qeyd edib ki, əziz övladlar, hər gününüzü faydalı işlərə həsr edin, idman edin, düzgün qidalanın və kifayət qədər istirahət etməyə çalışın. Telefon və internetdən həddindən artıq istifadə etmək əvəzinə, kitab oxumağa, idmanla məşğul olmağa, dostlarınızla canlı ünsiyyət qurmağa və yeni biliklər əldə etməyə daha çox vaxt ayırın. Ən əsası isə sağlamlığınıza zərər verə biləcək hər cür pis vərdişdən uzaq olun və sizi yanlış yola sövq edən təsirlərə qarşı iradəli davranın. Unutmayın ki, bu gün qazandığınız sağlam həyat vərdişləri sabahkı həyatınızın təməlini təşkil edəcək. Siz Azərbaycanın gələcəyisiniz və xalqımızın gələcəyi sizin sağlam, savadlı, məsuliyyətli və fəal vətəndaş kimi yetişməyinizdən çox asılıdır.
Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev hər kəsi Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Bildirib ki, bu gün – Beynəlxalq Ahıllar Günüdür. Bu günün məhz gənclərlə belə bir mövzuda görüşlə üst-üstə düşməsi xüsusi məna daşıyır. Çünki sağlam gələcəyin təməli məhz gənclik illərində qoyulur. Bu gün sağlam həyat tərzi seçən, idmana, elmə, mütaliəyə və faydalı fəaliyyətə üstünlük verən gənc gələcəkdə sağlam və fəal bir cəmiyyətin qurucusuna çevrilir. Natiq ahıl insanların bizim keçmişimiz, həyat təcrübəmiz və mənəvi dəyərlərimizin daşıyıcıları, gənclərimizin isə gələcəyimiz olduğunu vurğulayaraq qeyd edib ki, bu iki nəsil arasında hörmət, qarşılıqlı sevgi və sağlam münasibət cəmiyyətimizin ən böyük mənəvi sərvətlərindən biridir. Kamal Əliyev öz çıxışında gənclərə düzgün düşünmək, yaxşı insan olmaq, pis vərdişlərdən uzaq durmaq, özünə və böyüklərə hörmət etmək, cəmiyyət üçün faydalı işlər görmək kimi dəyərli məsləhətlər verib. Bildirib ki, insanın ən böyük sərvəti sağlamlığı, ən böyük gücü isə savadı və düzgün tərbiyəsidir. Sonda o, məktəbin rəhbərliyinə, pedaqoji kollektivə, valideynlərə və bütün şagirdlərə minnətdarlığını ifadə edib və 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə bütün ağsaqqal və ağbirçəklərimizə möhkəm cansağlığı, uzun ömür və firavan həyat diləyib, gənclərə isə sağlam, uğurlu və işıqlı gələcək arzulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində bu cür maarifləndirmə işlərinin keçirilməsini yüksək qiymətləndiriblər. Zərərli vərdişlərin dövlətimizə və ümumilikdə, bəşəriyyətə, xüsusilə gənc nəslə vurduğu fəsadlar barədə məlumat verərək bütün gəncləri sağlam həyat yaşamağa dəvət ediblər. Öz məsləhət və tövsiyələrini veriblər.
Tədbir bədii hissə ilə davam etdirilib. Məktəbin şagirdləri vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndiriblər, musiqi nömrələri təqdim ediblər.












