Xəbərlər

Zəngilan Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirilib

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Zəngilan Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  tədbir keçirilib.

Tədbir  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanıb.

Tədbiri giriş nitqi Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İskəndərov açaraq Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin Beynəlxalq Ahıllar Günü münasibətilə ölkəmizin bütün ahıl şəxslərinə, ağsaqqal və ağbirçəklərinə ünvanladığı təbriki iştirakçıların diqqətinə çatdırıb. Həmçinin bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğı hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla  davam etdirilir, yaşlı nəslin nümayəndələrinin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsi istiqamətində geniş sosial tədbirlər həyata keçirilir.

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov Azərbaycanın milli-mənəvi dəyərləri sayılan ağsaqqalları RİH başçısı Ramiz Həsənovun və öz adından təbrik edərək, onlara sağlam ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə  rayonun ictimai həyatında fəal iştirakı ilə seçilən yazıçı Əli Rzaquliyevə 60 illik yubileyi münasibətilə Fəxri Fərman və  Rayon Ağsaqqallar Şurasının üzvlüyünə qəbul edilmiş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının rayon şöbəsinin sədri Ənvər Qarayevə isə üzvlük vəsiqəsi təqdim edilib.

Çıxış edən ağsaqqallar ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərinə onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra tədbirdə iştirak edən bütün rayon ağsaqqalları, ziyalıları və qonaqlar çay süfrəsi arxasında səmimi söhbətlərini davam etdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.