Oktyabr ayının 5-də Sabunçu rayonu Maştağa qəsəbəsi 255 saylı tam orta məktəbdə “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, Bakıxanov qəsəbəsi Ağsaqqallar Şurasının sədri Sabir İsayev, Maştağa qəsəbəsi Ağsaqqallar Şurasının sədri Ağanəcəf Qədirov, Kürdəxanı qəsəbəsi Ağsaqqallar Şurasının sədri Rasim Quliyev, məktəbin direktoru Mətanət Məmmədova, Sabunçu Rayon Ağsaqqallar Şurasının üzvləri Vasif Ağayev və Kamil Ağazadə, Vətən müharibəsi ictimai birliyinin sədri, qazi Mustafa Mustafayev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin köməkçisi Eynulla Rəsulov, eləcə də müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə çıxış edən Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov 255 saylı tam orta məktəbin bütün müəllim kollektivini, eləcə də onların simasında bu müqəddəs vəzifəni şərəf və vicdanla yerinə yetirən hər bir Azərbaycan müəllimini 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edib, onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində öz qəhrəmanlıqları ilə tarix yazan, işğal altındakı torpaqlarımızı canı-qanı bahasına azad edən igid əsgər və zabitlərimizin yetişməsində də müəllim adını hər zaman uca tutan bu zəhmətkeş insanların əməyi danılmazdır. Natiq Ümummilli Liderimiz Heydər Əliyevin daim müəllim adına və peşəsinə böyük hörmət bəslədiyini, “Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyərək onlara layiq olduqları dəyəri verdiyini xüsusi qeyd edib. Bildirib ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev də öz əmək fəaliyyətinə müəllimliklə başlamış, bu adın aliliyini və ucalığını yaşamışdır. Vəli Səfərov, həmçinin, gənc nəslin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması barədə də geniş çıxış edib. Gənclərə zərərli vərdişlərdən uzaqlaşmaq üçün dəyərli məsləhətlər verib. Bildirib ki, gənc nəslin zərərli vərdişlərdən qorunması üçün Azərbaycan Ağsaqqallar Şurası, eləcə Şuranın Sabunçu rayon təşkilatı bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsini davam etdirəcəkdir.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev hər kəsi Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Göstərilən səmimi münasibətə və təşkilati işlərin yüksək səviyyədə həyat keçirilməsinə görə məktəbin direktoruna, pedaqoji kollektivinə təşəkkürünü bildirib və onların hər birini Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar diləyib. Vurğulayıb ki, dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşələrdən birinə sahib olan müəllimin fədakar əməyi sayəsində cəmiyyətimiz formalaşır, ali dəyərlərə malik savadlı, dünyagörüşlü, əxlaqlı, mədəni insanlar yetişir. Sonra natiq vətəndaşlarımızın sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, həmçinin zərərli vərdişlərə aludəçiliyin profilaktikasından söz açıb. Müasir dövrdə bəzi gənclərin siqaret, alkoqol, narkotik vasitələr, aqressiv davranış, eləcə də sosial şəbəkə və texnologiya asılılığı kimi təhlükəli meyillərin təsiri altına düşdüyünü təəssüf hissi ilə qeyd edib. Bildirib ki, zərərli vərdişlər təkcə insan sağlamlığına deyil, onun hüquqi və ictimai həyatına da ciddi mənfi təsir göstərir. Gənc nəsil arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin qarşısının alınmasından ətraflı bəhs edən Kamal Əliyev şagirdlərə, gənclərə müraciət edərək onları gələcəklərinə ciddi zərbə vura bilən zərərli vərdişlərdən uzaq olmağa, faydalı işlərlə məşğul olmağa çağırıb. Əmin olduğunu bildirib ki, gənclərimiz öz sağlamlıqlarını qoruyaraq, yaxşı dostlar mühitində vaxtlarını səmərəli keçirəcəklər, idmanla məşğul olacaq, kitab oxuyub biliklərini artıracaqlar.
Sonra görüş “Nəsillərin dialoqu” adı altında davam etdirilib. Ağsaqqallar, müəllimlər və şagirdlər arasında səmimi fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinə xidmət edən səmərəli müzakirələr təşkil olunub.
Sonda Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov görüşün yüksək səviyyədə təşkil edilməsinə görə minnətdarlığını bildirərək məktəbin direktoru Mətanət Məmmədovaya və fəal şagirdlərə müəllifi olduğu “Xankəndidən Turana” şeirlər kitabını hədiyyə edib.









