Oktyabr ayının 5-də Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri, dövlət qulluğunda uzun illər səmərəli fəaliyyət göstərmiş təcrübəli ziyalı və nüfuzlu ağsaqqal Möhübbət Bədəlovun 75 illik yubileyi tamam olur.
Əmək fəaliyyətinə riyaziyyat müəllimi kimi başlayan Möhübbət Bədəlov sonrakı illərdə dövlət idarəçiliyi sahəsində çalışaraq müxtəlif məsul vəzifələrdə uzunmüddətli və səmərəli fəaliyyət göstərmişdir. Dövlət qulluğunda göstərdiyi xidmətlər yüksək qiymətləndirilmiş, o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Bu təltiflər Möhübbət müəllimin dövlətə və xalqa xidmət yoluna verilən yüksək dəyərin ifadəsidir.
Möhübbət Bədəlovun həyat və fəaliyyətində xüsusi əhəmiyyət daşıyan mərhələlərdən biri də onun ağsaqqallıq fəaliyyətidir. Bir neçə ildir Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərən Möhübbət müəllim zəngin həyat və idarəçilik təcrübəsini, dərin bilik və dünyagörüşünü cəmiyyətimizin mənəvi inkişafına, ağsaqqallıq ənənələrinin yaşadılmasına və ictimai həmrəyliyin möhkəmləndirilməsinə yönəltmişdir. Onun sədrliyi ilə Naftalan Şəhər Ağsaqqallar Şurasının fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması, ailə və böyüyə hörmət ənənələrinin yaşadılması, gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsi, cəmiyyətdə qarşılıqlı ehtiram, birlik və həmrəyliyin gücləndirilməsi istiqamətlərinə xüsusi diqqət yetirilir. Müdrik məsləhətləri, təmkinli mövqeyi, insanlarla səmimi münasibəti və zəngin həyat təcrübəsi şəhər ictimaiyyətində ağsaqqal sözünün çəkisini və nüfuzunu daha da artırır. Əminik ki, Möhübbət müəllim bundan sonra da öz həyat təcrübəsi, müdrikliyi və fəal ictimai mövqeyi ilə Naftalan şəhərində ağsaqqallıq institutunun daha da inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, nəsillər arasında sağlam əlaqələrin möhkəmlənməsinə və cəmiyyətimizdə birlik və həmrəyliyin gücləndirilməsinə dəyərli töhfələr verəcəkdir.
Bu əlamətdar yubiley günündə Möhübbət Bədəlovu – Naftalan ictimaiyyətinin hörmətli nümayəndəsini, təcrübəli ziyalını və nüfuzlu ağsaqqalı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz həyat enerjisi, dövlətimizin və xalqımızın rifahı naminə həyata keçirdiyi nəcib fəaliyyətində davamlı uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV