Oktyabr ayının 9-da Sabunçu Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, eləcə də rayon ağsaqqalları, şəhid valideynləri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər konfrans iştirakçılarını salamlayaraq, müstəqil dövlətimizin inkişafında və möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətindən söz açıb. Vurğulayıb ki, ölkəmizin hər bir bölgəsində aktiv fəaliyyət göstərən ağsaqqallar Sabunçu rayonunda da ictimai-siyasi və mədəni tədbirlərdə yaxından iştirak və çıxışlar edir, öz fəallıqları ilə seçilirlər. O, rayonda fəaliyyət göstərən Ağsaqqallar Şurasının hər zaman ictimai proseslərdə daha səmərəli və dövlətçiliyə sadiq mövqe ortaya qoyduğunu bildirib, təşkilat üzvlərinin Sabunçuda həyata keçirilən ideoloji maarifləndirmə işlərində də fəal təmsil olunduqlarını vurğulayıb. Ölkəmizdə yaşlı nəslin nümayəndələrinə, ağsaqqallara göstərilən yüksək dövlət qayğısından danışan Adil Vəliyev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, təşkilat üzvləri mütəmadi olaraq bir sıra yığıncaqlar, görüşlər, tədbirlər keçiriblər, xüsusilə orta məktəblərdə yuxarı sinif şagirdləri ilə maarifləndirici işlər aparıblar. “Gənclər arasında sağlam həyat tərzinin təbliği” və digər aktual mövzularda keçirilən bu tədbirlərdə nüfuzlu ziyalılar tərəfindən çıxışlar edilib, ağsaqqallar, müəllimlər və şagirdlər arasında səmimi fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və gənc nəsil arasında sağlam həyat tərzinin təbliğinə xidmət edən səmərəli müzakirələr təşkil olunub. Həmçinin Rayon Ağsaqqallar Şurasının üzvləri Beynəlxalq Ahıllar Günündə və digər əlamətdar günlərdə bələdiyyə və qəsəbə nümayəndələrinin iştirakı ilə Ramana, Balaxanı, Zabrat və başqa qəsəbələrdə ahıl şəxslərlə, ağsaqqal və ağbirçəklərlə görüşlər keçiriblər, onları evlərində ziyarət edərək maddi və mənəvi dəstək nümayiş etdiriblər. Natiq onu da vurğulayıb ki, hesabat dövrü ərzində ağsaqqallar rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, eləcə də şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində öz səylərini əsirgəməyiblər. Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov çıxışının sonunda əmin edib ki, rayon ağsaqqalları bundan sonra da öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov konfransda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. Rayon ağsaqqalları və ziyalıları ilə görüşməkdən məmnun olduğunu bildirən natiq qeyd edib ki, Sabunçu rayonunun, onun qəsəbə və kəndlərinin əhalisi daim milli-mənəvi dəyərlərimizə, dinimizə bağlılıqları və dövlətimizə sədaqətləri ilə seçiliblər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevi və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi hər zaman dəstəkləyiblər. Bu gün respublikamızın hər bir bölgəsində müşahidə edilən inkişaf prosesindən söhbət açan natiq bildirib ki, dövlət başçısının uğurlu rəhbərliyi ilə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Eldar İbrahimov bu inkişaf zəminində Azərbaycan Ağsaqqallar Şurasının da öz fəaliyyətini səmərəli şəkildə qurmasından, ağsaqqalların respublikamızın ictimai-siyasi və mədəni həyatındakı böyük rolundan, həmçinin ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu bildirib. Çıxışı zamanı Sabunçu Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirən Eldar İbrahimov ağsaqqallara bundan da sonra işlərini aktiv şəkildə davam etdirməyi tövsiyə edərək, bu gün artmaqda olan boşanma hallarının, narkomaniya və digər zərərli vərdişlərə aludəçiliyin qarşısını almaq üçün gənclərlə maarifləndirmə işlərini artırmağı və cəmiyyətimizdəki digər çatışmazlıqlara qarşı təsirli tədbirlər, görüşlər həyata keçirməyi zəruri hesab edib. Ağsaqqallara bu yolda uğurlar və möhkəm cansağlığı arzulayıb.
Konfransda Bakıxanov qəsəbəsi Ağsaqqallar Şurasının sədri, 90 yaşlı nüfuzlu ağsaqqal Sabir İsayev, Nardaran qəsəbəsi Ağsaqqallar Şurasının sədri Hacıağa Nuri, Balaxanı qəsəbəsi Ağsaqqallar Şurasının sədri Əlihəsən Vəliyev və başqaları çıxış edərək rayon əhalisinin ağsaqqalların sözünə hər zaman böyük önəm verdiyini qeyd ediblər. Bildiriblər ki, ölkəmizin hər bir bölgəsində aktiv fəaliyyət göstərən ağsaqqallar Sabunçu rayonunda da ictimai-siyasi və mədəni tədbirlərdə yaxından iştirak və çıxışlar edir, öz fəallıqları ilə seçilirlər. Natiqlər Rayon Ağsaqqallar Şurasının üzvlərinin hər zaman olduğu kimi gələcəkdə də öz fəaliyyətlərini yüksək səviyyədə həyata keçirəcəklərinə əmin olduqlarını vurğulayıblar.





