Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin şəhər və rayonlarında tədbirlərini davam etdirir. Oktyabr ayının 15-də Şuranın Qax rayon təşkilatında seçki, Şəki rayon təşkilatında isə hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Ağsaqqallar Şurasının şöbə müdiri Elşad Quliyev, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Konfranslarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların, eləcə də Qax Rayon Ağsaqqallar Şurasının mərhum sədri Tahir İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Qax və Şəki Rayon İcra hakimiyyətlərinin başçıları Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq ölkənin, eləcə də hər iki rayonun ictimai-siyasi və mədəni həyatında ağsaqqalların əhəmiyyətli rolundan və nüfuzundan danışıblar. Bildiriblər ki, ölkəmizdə “ağsaqqal” sözü həmişə böyük məna kəsb edib. Ağsaqqallar hər zaman gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında da xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf prosesində ağsaqqalların fəaliyyəti daim yüksək qiymətləndirilib. Habelə vurğulanıb ki, şəhər və rayonlarımızın sosial-iqtisadi tərəqqisində ağsaqqalların böyük əməyi vardır. Sonda natiqlər konfransların işinə uğurlar arzulayıblar.
Sonra Qax Rayon Ağsaqqallar Şurasının konfransında təşkilati məsələlərə baxılıb. Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə əhali arasında böyük nüfuzu olan ziyalı Mustafa Dadşovun namizədliyi irəli sürülüb və o, açıq səsvermə yolu ilə yerli təşkilatın sədri seçilib. Daha sonra rayonun müdrik ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası yenidən formalaşdırılıb. Qax Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədri Mustafa Dadaşov ona göstərilən yüksək etimada görə hər kəsə öz minnətdarlığını bildirib və bu etimadı yüksək səviyyədə doğrultmağa çalışacağını vurğulayıb.
Şəki Rayon Ağsaqqallar Şurasının konfransında isə təşkilatın sədri Vaqif Əhmədov ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulayıb ki, Şəki Rayon Ağsaqqallar Şurası Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsi, yerli təşkilatın Əsasnaməsi, Şuranın IX Qurultayından irəli gələn vəzifələr və Rayon Ağsaqqallar Şurasının təsdiq etdiyi İş Planına uyğun olaraq rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi və mədəni sahələrin inkişafında, eləcə də digər vacib və aktual məsələlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. Həmçinin rayon ağsaqqalları əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda maarifləndirilməsində, eləcə də şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində öz səylərini əsirgəməyiblər. Vaqif Əhmədov son günlər ümumtəhsil məktəblərində müəllim və şagirdlərin vahid geyim qaydalarının tətbiqi ilə bağlı məsələyə də toxunub. Vurğulayıb ki, Şəki Rayon Ağsaqqallar Şurası olaraq biz həssas ictimai məsələlərdən sui-istifadə edərək qarşıdurma yaratmaq, milli həmrəyliyimizə xələl gətirmək cəhdlərini əhali və gənclərlə keçirilən görüşlərdə qətiyyətlə pisləyir, bu sahədə maarifləndirmə işləri aparırıq.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov da konfranslarda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb, Qax və Şəki ağsaqqalları ilə görüşdüyü üçün çox şad olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edən natiq vurğulayıb ki, dövlət başçısının zəngin təcrübəsi, müdrik və güclü siyasəti nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti davamlı olaraq artır, beynəlxalq aləmdə nüfuzu gündən-günə möhkəmlənir və dünya səviyyəsində lider dövlətlər sırasına yüksəlir. Natiq dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə də toxunub. Dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunması, milli-mənəvi dəyərlərin və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, müasir təbliğat işinin təşkili, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin ictimaiyyətə düzgün çatdırılması məsələlərinin ağsaqqalların da hər zaman diqqət mərkəzində olmasının vacibliyini vurğulayıb. Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciətdə də ölkə başçısı ağsaqqalların fəaliyyətinə yüksək qiymət vermiş və bildirmişdir ki, gənclərimizi milli vətənpərvərlik və öz kökünə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir. Bu baxımdan son günlər ümumtəhsil məktəblərində şagirdlərin və müəllimlərin geyim qaydalarının tətbiqi prosesinin müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə qarşıdurma predmetinə çevrilməsini və cəmiyyətdə narazılıq yaratmaq üçün istifadə olunmasını ciddi şəkildə pisləyirik. Bildirirk ki, vahid məktəbli forması şagirdlər arasında bərabərliyin təmin olunması, nizam-intizamın gücləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu həssas məsələ ilə bağlı bütün həmvətənlərimizi, xüsusilə valideynləri, müəllimləri, ziyalıları və gəncləri təmkinli olmağa, təxribatlara uymamağa, milli maraqlarımızı və ictimai həmrəyliyimizi hər şeydən üstün tutmağa çağırırıq. Çıxışının sonunda Vahid Novruzov Şəki Rayon Ağsaqqallar Şurasının hesabatını yüksək dəyərləndirib, Qax Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədri Mustafa Dadaşova uğurlar arzulayıb.
Konfranslarda çıxış edən Qax Rayon Ağsaqqallar Şurasının üzvləri – Nizami Abdullayev, şəhid Hacı Hacıyevin atası Rafiq Hacıyev, Şəki Rayon Ağsaqqallar Şurasının üzvləri – Əməkdar müəllim Ruhəngiz Abdullayevə, din xadimi Kamran Məmmədov və başqaları aktual məsələlərlə bağlı öz fikirlərini bölüşüblər. Vurğulayıblar ki, Azərbaycanımızın daha da inkişafı və çiçəklənməsi naminə ağsaqqallar bundan sonra da əllərindən gələni edəcəklər.



















