Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının 18 Oktyabr – Müstəqilliyin Bərpasi Günü münasibətilə təbriki

Əziz həmvətənlər!
Sizi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, doğma Azərbaycanımıza daim sülh, əmin-amanlıq və tərəqqi diləyirik!
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” xalqımızın azadlıq və istiqlal arzularının təntənəsi, milli dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri oldu. Lakin müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi böyük siyasi iradə və qətiyyət tələb edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan dövlətçiliyi ağır sınaqlardan çıxaraq qorunub saxlanıldı, ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın möhkəm təməli yaradıldı. Bu gün Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlmiş, iqtisadi və siyasi qüdrəti daha da möhkəmlənmiş, ölkəmiz regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa edilməsi müstəqillik tariximizin ən böyük nailiyyətlərindəndir. Bu tarixi qələbələr xalqımızın birliyinin, Ordumuzun rəşadətinin, şəhidlərimizin müqəddəs fədakarlığının və Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyinin təntənəsidir.
Azərbaycan Ağsaqqallar Şurası olaraq hesab edirik ki, müstəqilliyimizin qorunması, dövlətçilik ənənələrimizin yaşadılması, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətimizdə birlik, həmrəylik və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsi hər birimizin mühüm vətəndaşlıq borcudur. Ağsaqqallarımız bundan sonra da öz həyat təcrübələri, müdrik tövsiyələri və fəal ictimai mövqeləri ilə dövlətimizin möhkəmlənməsinə, xalqımızın birliyinin qorunmasına və Azərbaycanın parlaq gələcəyinin təmin olunmasına töhfə verməyə davam edəcəklər.
Əziz həmvətənlər!
Müstəqilliyimiz ən böyük milli sərvətimiz, azadlığımızın və gələcəyimizin təminatıdır. Əminik ki, xalqımız Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yoluna sadiq qalaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da milli birliyini və həmrəyliyini qoruyacaq, qüdrətli Azərbaycan dövlətinin daha böyük uğurlara imza atması naminə səylərini əsirgəməyəcəkdir.
Bu əlamətdar gün münasibətilə bir daha hər birinizi səmimi-qəlbdən təbrik edir, müstəqil Azərbaycanımıza əbədi istiqlal, davamlı tərəqqi, xalqımıza firavanlıq, əmin-amanlıq və xoşbəxt gələcək arzulayırıq!
Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!
Yaşasın müstəqil və qüdrətli Azərbaycan!

Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.