Xəbərlər

Cəlilabad Rayon Ağsaqqallar Şurası Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirib

Cəlilabad Rayon Ağsaqqallar Şurasının və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib.

İlk olaraq tədbir iştirakçıları Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub, muzeyin fəaliyyəti, rayonun zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat alıblar.

Daha sonra tədbir dəyirmi masa ətrafında davam edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti barədə geniş çıxış edib. O, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının xalqımızın tarixində mühüm hadisə olduğunu vurğulayıb. Bildirib ki, müstəqilliyin əldə olunması ilə yanaşı, onun qorunması və möhkəmləndirilməsi də böyük siyasi iradə, milli birlik və məsuliyyət tələb edir. Ədalət Əsgərov çıxışında Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsindəki tarixi xidmətlərini, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin gücləndirilməsi, ərazi bütövlüyünün bərpası və dövlətçilik ənənələrinin inkişafı istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini qeyd edib.

Sonra söz Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şövqü Bayramova verilib. O, çıxışında Azərbaycanın dövlət müstəqilliyinin tarixi mərhələləri, milli dövlətçilik ənənələri və tarixi-mədəni irsimizin gələcək nəsillərə çatdırılmasının vacibliyi barədə fikirlərini bölüşüb. Muzeylərin milli yaddaşın qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və tarixi həqiqətlərin təbliğində mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, milli birliyin və həmrəyliyin qorunmasından, dövlət suverenliyinin möhkəmləndirilməsindən, eləcə də müstəqilliyimizin gələcək nəsillərə etibarlı şəkildə ötürülməsinin vacibliyindən danışıblar.

Daha sonra tədbirdə Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Muxtar Ağayev anadan olmasının 75 illik yubileyi və Şuranın tədbirlərində fəal iştirakına görə Rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif edilib. Muxtar Ağayev göstərilən diqqətə və verilən yüksək qiymətə görə minnətdarlığını bildirib, Rayon Ağsaqqallar Şurasının fəaliyyətində bundan sonra da fəal iştirak edəcəyini qeyd edib. Yubilyara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Səmimi fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.