Xəbərlər

Ağcabədi və Ağdam Rayon Ağsaqqallar Şuralarının hesabat-seçki konfransları keçirilib

Oktyabr ayının 20-də Ağcabədi və Ağdam Rayon Ağsaqqallar Şuralarının hesabat-seçki konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının şöbə müdiri Elşad Quliyev, Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, habelə rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağcabədi və Ağdam rayonlarında keçirilən konfranslarda tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizin, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayan hər iki rayonun icra hakimiyyətinin başçıları cəmiyyətimiz və dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilən ağsaqqalların Ağcabədi və Ağdam rayonlarındakı xidmətlərindən bəhs ediblər. Vurğulayıblar ki, ağsaqqal məsləhətinə, ağsaqqal sözünə, öyüd-nəsihətinə hər birimizin, xüsusilə də gənclərimizin böyük ehtiyacı vardır. Natiqlər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətin ağsaqqallara diqqət və qayğı siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, onların ölkəmizin ictmai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan bəhs ediblər. Ağsaqqalların bundan sonra da öz fəaliyyətlərini aktiv şəkildə davam edəcəklərinə əmin olduqlarını bildirərək hesabat-seçki konfranslarının işinə uğurlar arzulayıblar.
Sonra Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov və Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov görülən işlərlə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Məruzələrdə yerli təşkilatların fəaliyyətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, hesabat dövrü ərzində təşkilatlar aktual mövzularda bir sıra yığıncaqlar, görüşlər keçiriblər, gənclərlə maarifləndirici işlər aparıblar. Həmçinin Şura üzvləri rayonlarda keçirilən bütün əhəmiyyətli toplantılarda, o cümlədən “Memarlıq və Şəhərsalma İli” ilə bağlı tədbirlərdə yaxından iştirak və çıxışlar ediblər. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini veriblər. Ümumtəhsil məktəblərində şagirdlər və müəllimlər üçün vahid geyim qaydalarının tətbiqi ilə bağlı fikirlərini bölüşən natiqlər bildiriblər ki, Azərbaycanda din dövlətdən ayrıdır və biz dünyəvi dövlətik. Ağsaqqallar vahid geyim formasının tətbiqini dəstəkləyir və bu sahədə maarifləndirmə işləri aparırlar.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, ölkəmizin tarixi məqamlarında hər zaman öndə olan ağsaqqallarımız hazırda da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. 2026-cı ilin Azərbaycan Ağsaqqallar Şurası üçün uğurlu il olduğunu qeyd edən natiq Şuranın IX Qurultayından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qurultay iştirakçılarına ünvanladığı müraciətdən irəli gələn vəzifələrin əhəmiyyətindən danışıb. Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, uşaqların və gənclərin zərərli kənar təsirlərdən müdafiəsi və onların vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin vacibliyini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və onlar bunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdilər. İşğalçı Ermənistandan minlərlə fərari olmasına baxmayaraq, bizim 1 nəfər də fərarimiz olmadı. Natiq ideoloji və maarifləndirmə işinin nəticəyönümlü şəkildə qurulmasının, təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyətini də vurğulayıb. Öz nitqində Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışına da diqqət çəkən Vahid Novruzov Azərbaycanın uğurlarından bəhs edib. Bildirib ki, bu uğurları həzm edə bilməyən antiazərbaycan qüvvələr var. Ona görə də hər bir sahədə ayıq-sayıq olmalıyıq. Sonda natiq Ağcabədi və Ağdam Rayon Ağsaqqallar Şuralarının hesabatlarını qənaətbəxş hesab edərək, hər iki rayonun ağsaqqallarına möhkəm cansağlığı və işlərində nailiyyətlər arzulayıb.
Çıxış edən digər natiqlər də hər iki rayon təşkilatının səmərəli fəaliyyətindən bəhs ediblər. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycan tərəqqisi naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Hesabat-seçki konfranslarında təşkilati məsələlərə də baxılıb. Hər iki rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədrləri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Açıq səsvermə yolu ilə Əlizadə Nəcəfov Ağcabədi Rayon Ağsaqqallar Şurasının, Əvəz Mikayılov isə Ağdam Rayon Ağsaqqallar Şurasının sədri seçiliblər. Sonra isə onların təqdimatı əsasında rayonların ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və digər konfrans iştirakçıları yeni seçilən sədrləri və heyət üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində davamlı uğurlar diləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.