Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında konfransların keçirilməsi davam edir. Oktyabr ayının 22-də və 23-də Qazax və Samuxda seçki, Ağstafada isə hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb bölgəsi üzrə kuratoru Bayram Yusifov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri, gənclər, idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin, Qazax Rayon Ağsaqqallar Şurasının mərhum sədri Ramiz Mansurovun və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən daim ağsaqqallara, ziyalılara verilən yüksək dəyərdən söz açıblar. Bildiriblər ki, hazırda bu ənənəni layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıbdır. Rayon sakinlərinin, xüsuilə də gənclərin mütəmadi olaraq ağsaqqallarla görüşdüklərini, hər zaman onların xeyir-duasını aldıqlarını, ağsaqqal məsləhətinə, tövsiyəsinə həmişə böyük önəm verdiklərini diqqətə çatdırıblar. Vurğulayıblar ki, ağsaqqallar dövlətimizin, xalqımızın milli sərvətidirlər. Çıxışlarının sonunda natiqlər ağsaqqallara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qazax və Samux rayonlarında keçirilən seçki konfranslarında təşkilati məsələlərə baxılıb. Qazax Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə Məzahir Qocayevin, Samux Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə isə Bayram Qasımovun namizədliyi irəli sürülüb. Konfranslarda hər iki namizəd haqqında müsbət fikirlər səsləndirilib, onların səmərəli fəaliyyətləri və dəyərli xidmətləri ilə hər zaman dövlətə, xalqa bağlı ictimai fəal ziyalılar olduqları vurğulanıb. Çıxışlardan sonra açıq səsvermə keçirilib. Məzahir Qocayev Qazax Rayon Ağsaqqallar Şurasının, Bayram Qasımov isə Samux Rayon Ağsaqqallar Şurasının sədri seçiliblər. Daha sonra hər iki rayonun İdarə Heyəti və Təftiş Komissiyası yenidən formalaşdırılıb. Heyətlərin tərkibində əhali arasında böyük nüfuza malik olan müdrik ağsaqqallar, dəyərli ziyalılar, ictimai fəal qadınlar, şəhid valideynləri yer alıblar. Təşkilati məsələlər yekunlaşdıqdan sonra Məzahir Qocayev və Bayram Qasımov onlara göstərilən yüksək etimada görə hər kəsə öz minnətdarlıqlarını bildiriblər və bu etimadı yüksək səviyyədə doğrultmağa çalışacaqlarını vurğulayıblar.
Ağstafa Rayon Ağsaqqallar Şurasının konfransında isə təşkilatın sədri Sənan Mustafayev ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulayıb ki, Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvləri Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsi, yerli təşkilatın Əsasnaməsi, Şuranın IX Qurultayından irəli gələn vəzifələr və təsdiq olunmuş İş Planına uyğun olaraq rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi və mədəni sahələrin inkişafında, eləcə də digər vacib və aktual məsələlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Hesabat dövründə gənclərin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər keçirilib, şəhid ailələri və qazilərlə, təhsil müəssisələrində yuxarı sinif şagirdləri ilə görüşlər təşkil olunub. Həmçinin rayonun ictimai həyatına dair bir sıra məsələlərlə bağlı təşəbbüs və təkliflər irəli sürülüb. Eləcə də İcra Hakimiyyəti, YAP Ağstafa Rayon təşkilatı, Qərbi Azərbaycan İcması və digər qurumlarla əməkdaşlıq şəraitində fəaliyyətlərini daha da genişləndiriblər. Sənan Mustafayev çıxışının sonunda bildirib ki, bundan sonra da rayonun ictimai-mədəni həyatında yaxından iştirak edərək ölkəmizin inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb bölgəsi üzrə kuratoru Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Ağsaqqallıq institutunun tarixindən, eləcə də Azərbaycanda və bütün Türk dünyasında ağsaqqalların yüksək nüfuzundan söz açan natiq əsl ağsaqqalın insana xas bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət olduğunu vurğulayıb. Qeyd edib ki, o ailə, o cəmiyyət xoşbəxtdir ki, onun sözün həqiqi mənasında ağsaqqalı vardır. Ağsaqqal nəsihətinin, ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu xatırladan Bayram Yusifov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müdrik və unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ümummilli Liderimizin yolunu hər bir sahədə böyük nailiyyətlərlə davam etdirdiyini vurğulayaraq əlavə edib ki, dövlət başçımızın apardığı uğurlu və qətiyyətli siyasət sayəsində hazırda Azərbaycan dünyanın hər yerindən məğrur və qüdrətli görünür. Bu gün Azərbaycan sabitlik, inkişaf və sülh adasıdır. Öz çıxışında böyük Zəfərdən söz açan natiq qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun, igid əsgər və zabitlərimizin, qəhrəman gənclərimizin qazandığı bu Qələbədə ağsaqqalların da danılmaz əməyi vardır. Onlar milli ruhlu şücaətli gənc nəslin yetişməsində böyük rol oynayıblar. Bayram Yusifov 35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurasının bu gün də millət vəkili, professor Eldar Quliyevin uğurlu sədrliyi ilə geniş və səmərəli fəaliyyət göstərdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Sonra natiq təəssüf hissi ilə bildirib ki, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız nailiyyətləri həzm edə bilməyən, ölkəmizin güclənməsini istəməyən antiazərbaycan qüvvələr vardır. Bu qüvvələrin cəmiyyətimizdə parçalanma yaratmağa yönələn cəhdlərinə qarşı xüsusilə ayıq-sayıq olmalıyıq. Heç bir xarici təsir və ya təxribat xalqımızın birliyini, dövlətimizin müstəqilliyini və sabitliyini poza bilməz. Unutmasınlar ki, “Dəmir Yumruq” yerindədir və daim dövlətimizin yanında olan, dövlət başçımızın uğurlu daxili və xarici siyasətini dəstəkləyən xalqımızın hər bir nümayəndəsi kimi ağsaqqallar da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşiblər. Çıxışının sonunda Bayram Yusifov Ağstafa Rayon Ağsaqqallar Şurasının hesabatını yüksək dəyərləndirib, Qazax və Samux rayonlarının Ağsaqqallar Şuralarının yeni seçilən sədrlərini təbrik edib. Hər 3 rayonda yaşayan müdrik ağsaqqallarımızı ölkəmizin ictimai-siyasi və mədəni həyatında daha aktiv görmək arzusunu dilə gətirərək, onlara gənclərimiz üçün nümunə olan şərəfli ömür yollarında və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfranslarda çıxış edən digər natiqlər də Rayon Ağsaqqallar Şuralarının fəaliyyəti ilə bağlı öz müsbət fikirlərini bölüşüblər. Vurğulayıblar ki, ölkəmizin daha da inkişafı və çiçəklənməsi naminə ağsaqqallar bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər. Ağstafa Rayon Ağsaqqallar Şurasının hesabat konfransının sonunda Şuraya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.



















