Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə növbəti iclası keçirilib. İclasın gündəliyində əsas 2 məsələ olub: 1. Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunları və qarşıda duran vəzifələr. 2. Nəsimi Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransına hazırlıq və bununla bağlı qarşıda duran vəzifələr.
İclasda YAP-ın VIII Qurultayında Nəsimi rayonunu təmsil etmiş Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor Sabir Əliyev, eləcə də Şuranın digər üzvləri və ziyalılar iştirak ediblər.
İclasdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə tədbir iştirakçılarını salamlayan Vaqif Şadlinski Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Natiq çıxışında YAP-ın yarandığı ilk gündən bu günə qədər partiyanın keçdiyi uğurlu yoldan və partiyanın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla təşkilatın bu günə qədərki dəyərli fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, dövlət başçısının Qurultayda səsləndirdiyi fikirlər və müəyyən etdiyi strateji hədəflər ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməli, eləcə də ağsaqqallar tərəfindən dövlətçilik ideologiyasının təbliğinə, milli-mənəvi dəyərlərin qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə bundan sonra da xüsusi diqqət yetirilməlidir. Vaqif Şadlinski çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün və mütləq suverenliyinin təmin edilməsi ilə nəticələnən tarixi Zəfərin əhəmiyyəti, ordu quruculuğunun daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ölkə iqtisadiyyatının gündən-günə güclənməsi və əhalinin rifahının yüksəlməsi barədə fikirlərini də təddbir iştirakçıları ilə bölüşüb.
İclasda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın dirçəldilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində layıqlı yer tutması istiqamətində ardıcıl və uğurlu siyasət həyata keçirir. Sonra natiq YAP-ın VIII Qurultayının qarşıya qoyduğu vəzifələrin Nəsimi rayonunda yerinə yetirilməsi ilə bağlı görülmüş və görüləcək işlər barədə, həmçinin, bununla əlaqədar hər birimizin, eləcə də rayon ağsaqqallarının üzərinə düşən vəzifələr haqqında geniş məruzə edib. Xüsusilə gənclərin tərbiyəsində, onların vətənpərvər ruhda yetişməsində rayon ağsaqqallarının əhəmiyyətli rolundan söz açıb. Gülarə Verdiyeva, həmçinin, vurğulayıb ki, Naxçıvanda yaranan Yeni Azərbaycan Partiyası Bakı şəhərində ilk Nəsimi rayonunda, Azərbaycan Tibb Universitetində professor Vaqif Şadlinskinin, hazırda YAP sədrinin müavini Tahir Budaqovun, professor Sabir Əliyevin, Elçin Hüseynovun, Xəlil Xəlilovun və bir neçə fəalın iştirakı ilə yaradılıb.
Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Sabir Əliyev öz çıxışında YAP-ın VIII Qurultayında iştirakından, ATU-nu təmsil edən Yeni Azərbaycan Partiyası üzvlərinin vəzifələrindən danışıb. Bildirib ki, professor Vaqif Şadlinski 1993-cü ilin yanvarından Azərbaycan Tibb Universitetində yaratdığı YAP-ın ilk təşkilatına 2001-ci ilin may ayına qədər uğurla rəhbərlik edib.
Azərbaycan Ağsaqqllar Şurasının və Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev də iclasda çıxış edərək respublikada və rayonda multikulturalizm fəaliyyətindən geniş söhbət açıb və ağsaqqallarla bağlı önəmli fikirlər söyləyib. Qeyd edib ki, hər zaman dövlətimizin və xalqımızın yanında olan ağsaqqallar bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyəcəklər.
İclasda yekun nitqi ilə çıxış edən professor Vaqif Şadlinski Nəsimi Rayon Ağsaqqallar Şurasının yaxın günlərdə keçirilməsi nəzərdə tutulan hesabat-seçki konfransı barədə də ətraflı məlumat verib və bununla bağlı qarşıda duran vəzifələr haqqında İdarə Heyətinin üzvlərini məlumatlandırıb. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının dəstəyi ilə Nəsimi Rayon Ağsaqqallar Şurasının son beşillik fəaliyyətinə dair hesabat kitabı şəkillərlə nəfis şəkildə çap olunub. Sonra natiq kitabı iclas iştirakçılarına göstərərək haqqında geniş məlumat verib.







