Hörmətli Fuad müəllim!
Sizi – Azərbaycanda kulturologiya elminin banisini, görkəmli alimi, tanınmış ictimai xadimi, müdrik ağsaqqalı və vətənpərvər ziyalını 80 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Siz Azərbaycanda kulturologiya elminin formalaşmasına və inkişafına fundamental töhfələr vermiş, mədəniyyətin cəmiyyətin tərəqqisində, milli-mənəvi dəyərlərin qorunmasında və şəxsiyyətin kamilləşməsində rolunu elmi əsaslarla araşdıraraq bu sahədə özünəməxsus məktəb yaratmısınız. Kulturoloq, tarix elmləri doktoru, professor kimi elmi-pedaqoji fəaliyyətiniz, gənc nəslin maariflənməsində və intellektual inkişafında xidmətləriniz, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti kimi həyata keçirdiyiniz çoxşaxəli layihələr Sizin milli mədəniyyətimizin zənginləşməsinə və elmi düşüncəmizin inkişafına həsr olunmuş ardıcıl fəaliyyətinizin parlaq təzahürüdür. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri kimi fəaliyyətiniz də vətəndaş cəmiyyətinin inkişafına, ictimai təşəbbüslərin dəstəklənməsinə və cəmiyyətin mənəvi-intellektual potensialının gücləndirilməsinə verdiyiniz önəmi əks etdirir.
Sizin şəxsiyyətinizdə alim müdrikliyi, ziyalı məsuliyyəti, vətəndaş mövqeyi və ağsaqqal nüfuzu vəhdət təşkil edir. Bu keyfiyyətlər Yasamal Rayon Ağsaqqallar Şurasının sədri kimi həyata keçirdiyiniz işlərdə xüsusilə aydın görünür. Rəhbərlik etdiyiniz Şuranın fəaliyyəti vasitəsilə ağsaqqal sözünün, nüfuzunun qorunmasına, gənclərin milli-mənəvi ruhda tərbiyəsinə, ailə dəyərlərinin möhkəmləndirilməsinə, cəmiyyətdə qarşılıqlı hörmətin, həmrəyliyin və vətəndaş məsuliyyətinin təşviqinə mühüm töhfələr verirsiniz. Sizin kimi elm və mədəniyyətin dərinliklərinə bələd olan, xalqımızın tarixi yaddaşını və mənəvi sərvətini yüksək qiymətləndirən bir ziyalının ağsaqqallar hərəkatında iştirak etməsi bu institutun ictimai nüfuzunu daha da artırır. Vətənə bağlılığınız, milli-mənəvi irsimizə həssas münasibətiniz, insanlarla ünsiyyətdə səmimiyyətiniz və prinsipial mövqeyiniz Sizi həm elmi ictimaiyyətin, həm də ağsaqqallarımızın dərin hörmətini qazanmış şəxsiyyətə çevirmişdir. Əminik ki, bundan sonra da zəngin elmi təcrübəniz, dəyərli tövsiyələriniz və müdrik ağsaqqal sözünüz Azərbaycan elminin, mədəniyyətinin və ictimai həyatının inkişafına, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə öz töhfəsini verəcəkdir.
Hörmətli Fuad müəllim!
Bu əlamətdar Yubiley günündə Sizi bir daha ürəkdən təbrik edir, uca Allahdan Sizə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, tükənməz mənəvi qüvvə, ailənizə firavanlıq və fəaliyyətinizdə davamlı nailiyyətlər diləyirik!
Qoy ömrünüzün bundan sonrakı illəri də elmi və ictimai fəaliyyətinizin yeni uğurları, doğmalarınızın sevgisi və xalqımızın ehtiramı ilə əlamətdar olsun!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV