Oktyabrın 29-da Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ağsaqqalları ilə görüşüb.
Görüşü giriş nitqi ilə açan İlham İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı layihələrinə əsasən ölkəmizin bütün bölgələrində 2004-cü ildən bəri geniş abadlıq-quruculuq, əsaslı təmir işləri aparılır. Mingəçevirdə həyata keçirilən layihələrin sahəsi də ildən-ilə genişlənir. Ölkə başçısının sərəncamı ilə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dövlət rəhbərinin tapşırığına əsasən bu il şəhərdə 90-dan artıq çoxmənzilli yaşayış binasının fasad hissələrinin izolyasiya edilərək rənglənməsi, xiyabanlarda bərpa-təmir işlərinin aparılması planlaşdırılmışdır və bu işlər müvəffəqiyyətlə davam etdirilir. Son illərdə Mingəçevirdə 26 nümunəvi məhəllə yaradılmış, 200-dən çox yaşayış binası təmir edilmiş, 5 yeni park salınmış, 2 parkın ərazisi genişləndirilmiş, 7 parkda yenidənqurma işləri aparılmış həmin ərazilərə sakinlərin istirahəti üçün idman qurğuları və digər avadanlıqlar yerləşdirilmişdir. Natiq, həmçinin, cənab Prezidentin iştirakı ilə onlayn formatda Mingəçevirdə yeni sənaye müəssisəsinin təməlinin qoyulduğunu bildirmiş və bunun yeni iş yerlərinin açılmasına şərait yaradacağını qeyd etmişdir.
Görüşdə çıxış edən Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, ağsaqqallar – İntiqam İbadov, Etibar Əhmədov, Adil İsmayılov, Rizvan Mikayıllı, Yunis Yolçuyev, Əbülfət Ədilov, Famil Əhmədov, Vaqif Sadıxov, Zahid Qasımlı, Sərdar Xankişiyev şəhərdə aparılan quruculuq və inkişaf prosesindən bəhs etmiş, eləcə də mövcud olan bəzi problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürmüşlər. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti bəyəndiklərini bildirmişlər.
Ziyalı xanımlardan İranə Həsənova, Sevil Əlişova, Ədalət Quliyeva Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan əhalinin sosial rifahının yaxşılaşdırılması əmək haqlarının, pensiyaların və sosial müavinətlərin artırılması sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş və bütün bunların şəhər əhalisi tərəfindən müsbət qarşılandığını qeyd etmişlər.
Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov ağsaqqalar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müsbət yönümlü işlərə görə minnətdarlığını ifadə etmişdir.
Görüşün sonunda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərdə gedən abadlıq-quruculuq işlərinin bundan sonra daha geniş çərçivədə həyata keçiriləcəyini və verilən təkliflərin nəzərə alınacağını qeyd edərək, ölkə rəhbərinə Mingəçevirə və mingəçevirlilərə göstərdiyi diqqət və qayğıya görə şəhər sakinləri adından dərin təşəkkürünü bildirmişdir.






