Xəbərlər

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ağsaqqallarla görüşüb

Ulu Öndər Heydər Əliyev ağsaqqalları xalqımızın əsrlər boyu formalaşmış adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin daşıyıcısı və qoruyucusu hesab etmiş, onlara həmişə diqqət və qayğı göstərmişdir. Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də daim ağsaqqallara yüksək dəyər verir, onlara xüsusi həssaslıqla yanaşır. Bu nəcib ənənənin davamı olaraq, ölkəmizin hər bir guşəsində el ağsaqqallarına böyük ehtiram bəslənilir. Dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edən bu qayğı regionlarda fəaliyyət göstərən Ağsaqqallar Şuralarının işində, sosial layihələrdə və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması prosesində özünü aydın şəkildə büruzə verir. Ağsaqqalların zəngin həyat təcrübəsi və nəsihətləri cəmiyyətdə sabitliyin, ailə institutunun möhkəmlənməsində və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır.

Respublikamızın bütün regionlarında yerli İcra hakimiyyətləri də rayon və şəhər ağsaqqalları ilə sıx dialoq qurur, onlara xüsusi diqqət və qayğı nümayiş etdirirlər. İcra hakimiyyətlərinin başçıları mütəmadi olaraq el ağsaqqalları və ziyalılarla görüşlər təşkil edir, regionların sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işləri və gələcək layihələrlə bağlı onların rəy və təkliflərini dinləyirlər. Növbəti belə səmərəli görüş Gəncə şəhərində keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb.

Görüşdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov və Şura üzvləri, eləcə də YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və ziyalılar iştirak ediblər.

Səmimi şəraitdə keçən görüşdə Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Şəhər rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə göstərdikləri xüsusi diqqət və qayğıdan bəhs edib, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, sosial infrastrukturun yeniləndiyini və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü bildirib. Niyazi Bayramov Gəncənin inkişafında ağsaqqalların zəngin həyat təcrübəsinin, dəyərli tövsiyələrinin və ictimai fəallığının da mühüm rol oynadığını qeyd edib. Həmçinin, icra başçısı ağsaqqalları qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu əlamətdar günün xalqımızın tarixindəki mühüm əhəmiyyətini vurğulayıb.

Ağsaqqallar da öz növbələrində dövlət başçısının Gəncəyə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək şəhərdə aparılan quruculuq işləri və inkişaf istiqamətində görülən tədbirlərlə bağlı fikirlərini və tövsiyələrini səsləndiriblər. Əminliklə bildiriblər ki, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri bundan sonra da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.