Xəbərlər

Şəkidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “İki cəbhənin döyüşçüsü” adlı tədbir keçirilib

Zəfər Günü ərəfəsində Şəki şəhər 17 nömrəli tam orta məktəbdə Rayon Ağsaqqallar Şurasının sədri, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis polkovnik-leytenantı Vaqif Əhmədovun həyat yoluna həsr olunmuş “İki cəbhənin döyüşçüsü” adlı tədbir keçirilib.

Tədbirdə Vaqif Əhmədovla yanaşı, Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Anar Məmmədov, Şəki Rayon Ağsaqqallar Şurasının sədr müavinləri – Elxan Abdullayev və Ruhangiz Abdullayeva, Şəki şəhər 17 nömrəli tam orta məktəbin məzunu olmuş deputat Vüqar İsgəndərovun köməkçisi Anar Nağıyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva, Regional Təhsil İdarəsinin baş məsləhətçisi Yusif Dəmirov, məktəbin direktoru Nərminə Abdullayeva, şəhid valideynləri, qazilər, eləcə də Vaqif Əhmədovun döyüş və polis yoldaşları, veteranlar, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.

Əvvəlcə qonaqlar foyedə şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.

Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə igid Azərbaycan övladlarının göstərdiyi şücaətlərdən, eləcə də Vaqif Əhmədovun işğalçılara qarşı döyüş və hüquq-mühafizə cəbhəsindəki şərəfli xidmətlərindən geniş söz açılıb. Bununla əlaqədar lentə alınmış film nümayiş olunub.

Tədbirdə çıxış edən Şəki Rayon Ağsaqqallar Şurasının sədri, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis polkovnik-leytenantı Vaqif Əhmədov, şəhid valideynləri, qazilər və digər natiqlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs ediblər. Bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib. Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət və fədakarlıq nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilib, 2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin azad olunması ilə tarixi Zəfər qazanılıb. Natiqlər vurğulayıblar ki, bu cür tədbirlər məktəblilərimizin həm vətənpərvər ruha yiyələnməsində, həm də elmə, biliyə və quruculuğa həvəslənərək layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Vaqif Əhmədov öz çıxışında ona göstərilən diqqətə görə hərə kəsə minnətdarlığını ifadə edib və bundan sonra da ölkəmizin inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini bildirib.

Daha sonra məktəbin şagirdləri zəngin və maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Onlar böyük həvəs və yüksək vətənpərvərlik ruhu ilə Vətən müdafiəçiələrimizin – unudulmaz şəhid və qazilərimizin igidliyini, qəhrəmanlıq dastanlarını tərənnüm edən şeirlər səsləndiriblər. Şəhərsalma və memarlıq ilinin incəliklərini, doğma yurdun hər daşında iz qoyan qurucu insan əməyini əks etdirən misraları məharətlə təqdim ediblər. Hazırladıqları səhnələşdirilmiş kompozisiya ilə Vətənə sevgi, zəhmətə hörmət və qəhrəmanlarımıza minnətdarlıq hisslərini nümayiş etdiriblər. Şagirdlərin bu ürəkdən gələn çıxışları və bədii kompozisiyası tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Tədbirin sonunda Şəki şəhər 17 nömrəli tam orta məktəbin direktoru Nərminə Abdullayevaya səmərli pedaqoji fəaliyyətinə və göstərdiyi dəstəyə görə Şəki Rayon Ağsaqqallar Şurasının Təşəkkürnaməsi təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.