Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərdən, həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən və qarşıda duran mühüm vəzifələrdən danışıb. Qeyd olunub ki, müasir dövrdə ideoloji təhlükəsizlik baxımından təhsil və maarifləndirmə işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, gənclərin informasiya təhlükəsizliyinin təmin olunması əsas prioritetlərdəndir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, iqtisadi və hərbi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin nəticəsidir. Vurğulanıb ki, dövlət başçısının YAP-ın VIII Qurultayında müəyyən etdiyi vəzifələrin ölkənin bütün bölgələrində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Oğuz rayonunda da sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliği, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyəsi istiqamətində tədbirlər davam etdirilir.
Sonra çıxış edən Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Günel Abdullayeva və digər natiqlər yeni mərhələnin ideoloji strategiyasının əsas istiqamətlərindən bəhs ediblər. Milli-mənəvi dəyərlərin qorunmasının, dövlətçilik ənənələrinin yaşadılmasının, cəmiyyətin ideoloji həmrəyliyinin möhkəmləndirilməsinin və xüsusilə gənc nəslin milli ruhda tərbiyəsinin vacibliyini vurğulayıblar. Çıxışlarda rayonun sosial-iqtisadi inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, aqrar sahənin inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğının davam etdirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, gənclərin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə sadiqlik ruhunda tərbiyəsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində rayon ağsaqqalları ilə fikir mübadiləsi aparılıb, aktual məsələlər ətrafında müzakirələr keçirilib, səsləndirilən təklif və fikirlər dinlənilib.
Sonda qeyd olunub ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması, milli maraqların qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və ideoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl, sistemli və məqsədyönlü fəaliyyətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.








