Göyçayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.7-ci bəndinin (Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq tədbirlərin görülməsi) icrası çərçivəsində tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon Ağsaqqalllar şurasının sədri Nazir Əhmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Elşən Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialının aparıcı-mütəxəssisi Əli Qarayev, eləcə də rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Çıxış edənlər ahılların cəmiyyətimizin bərabərhüquqlu və dəyərli vətəndaşları olduğunu vurgulayaraq yaşlı nəslin nümayəndələrinə hörmət və ehtiram göstərməyin yüksək mənəvi keyfiyyət olduğunu, ahılların zəngin həyat təcrübəsindən, bilik və bacarıqlarından yararlanmaq gənc nəslin tərbiyəsində, nəsillərarası körpünün möhkəmlənməsində və mənəvi varislik ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynadığını bildiriblər.
Tədbirdə çıxış edən Göyçay Rayon Ağsaqqalllar Şurasının sədri Nazir Əhmədov bu prosesdə ağsaqqalların üzərinə düşən mühüm missiyanı xüsusi vurğulayıb. Bildirib ki, cəmiyyətimizdə ağsaqqal institutu hər zaman mənəvi dayaq, müdriklik və birlik rəmzi kimi çıxış edib. Bu baxımdan, ahıl şəxslərin sosial təcriddən qorunması, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyası birbaşa olaraq ağsaqqalların ictimai fəallığı ilə sıx bağlıdır. Ağsaqqallar həm öz həmyaşıdlarının problemlərinin aidiyyəti qurumlara çatdırılmasında körpü rolunu oynayır, həm də zəngin həyat təcrübələrini gənc nəslə ötürməklə nəsillərarası varisliyin qorunmasına böyük töhfə verirlər.
Səmimi və işgüzar mühitdə davam edən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, ahıl şəxslərin sosial rifahının daha da yaxşılaşdırılması və ağsaqqalların gənclərlə maarifləndirici görüşlərinin intensivləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.



