Xəbərlər

İsmayıllı Rayon Ağsaqqallar Şurası Bilgəhdəki Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

İsmayıllı Rayon Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı, eləcə də İsmayıllı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının və Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin dəstəyi ilə Bakı şəhərinin Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində – Ahıllar evində sakinlərlə görüş keçirilib.

Səfərdən əvvəl iştirakçılar tərəfindən Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, abidə önünə tər çiçəklər düzülərək xatirəsi ehtiramla yad olunub.

Ahıllar evində keçirilən görüşdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin köməkçisi Eynulla Rəsulov, eləcə də İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xudiyev, sədr müavini Mövlud Ağayev, Şura üzvləri Lətifə Əliyeva, Varis Cəbiyev və başqaları iştirak ediblər.

Ahıllar evində səmimi və mehriban şəkildə qarşılanan qonaqlar əvvəlcə orada yaradılmış şəraitlə tanış olublar. 250 nəfərə yaxın ahıl insanın yaşadığı sosial xidmət müəssisəsində hökm sürən təmizlik, səliqə-sahman, rahatlıq və isti ab-hava hər kəsdə xoş təəssürat yaradıb. Sakinlər üçün yaradılmış şərait həqiqətən diqqətəlayiq idi. Sakinlər ev rahatlığının təmin olunduğu otaqlarda yaşayırlar. Otaqların hər birində sanitar qovşağı, soyuducu, televizor, masa, stul, rahat yataq və gündəlik yaşayış üçün zəruri olan bütün imkanlar mövcuddur. Söhbət zamanı sakinlər yaradılmış şəraitdən, onlara göstərilən dövlət qayğısından razılıq ediblər, burada özlərini rahat və xoşbəxt hiss etdiklərini bildiriblər. Onların çöhrəsindəki məmnunluq, səmimi söhbətləri və mehriban münasibətləri səfərin ən yaddaqalan məqamlarından olub. Burada, həmçinin, İsmayıllının bol nemətlərindən, meyvə və şirniyyatlardan ibarət 50 qutudan çox sovqat sakinlərə təqdim edilib.

Görüş zamanı Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və bütün ağsaqqalların adından ahılları salamlayaraq bildirib ki, Azərbaycan dövləti, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ehtiyacı olan şəxslərə, o cümlədən ahıllara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Həmçinin əlavə edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas olan əhali kateqoriyaları ilə bağlı olan dəyərli təşəbbüsləri də bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir.

İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xudiyev də ahılları İsmayıllı ağsaqqalları və Rayon İcra Hakimiyyəti adından salamlayaraq onlar üçün yaradılmış bu gözəl şəraitə görə dövlətimizə, Ahıllar evinin rəhbərliyinə minnətdarlıq edib. Sonra söz musiqili qonaqlara verilib.

Görüş İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin musiqiçilərinin, «Lahıc Folklor» ansamblının iştirakı ilə əsl bayram ovqatında davam edib. Ansamblın solistləri, Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Sahibə Abdullayeva və xanəndə Qalib Güləliyev gözəl ifaları ilə sakinlərə xoş anlar yaşadıblar. Mahnılar alqışlarla qarşılanıb, musiqinin sədaları altında ahıllar qonaqlarla birlikdə rəqs ediblər, sevinclərini bölüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.