Noyabrın 19-da Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov rayon ağsaqqalları ilə görüş keçirib. Yardımlı şəhərində baş tutan tədbirdə Rayon Ağsaqqallar Şurasının üzvləri, el ağsaqqalları və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısından bəhs edib. O, Yardımlıda həyata keçirilən abadlıq-quruculuq işləri, yol-nəqliyyat və sosial infrastrukturun yenilənməsi, həmçinin əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. İcra başçısı milli-mənəvi dəyərlərin qorunmasında, gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsində, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların müstəsna rolunu vurğulayıb. O, yerli idarəetmədə və qarşıya qoyulan vəzifələrin icrasında ağsaqqalların təcrübə və tövsiyələrinin hər zaman mühüm əhəmiyyət daşıdığını bildirib.
Səmimi dialoq və işgüzar şəraitdə davam edən görüşdə çıxış edən Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşov və rayon ağsaqqalları Yardımlıda həyata keçirilən quruculuq layihələrini və vətəndaş müraciətlərinə göstərilən həssas münasibəti yüksək qiymətləndiriblər. Onlar ölkəmizin davamlı inkişafına, regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Görüş zamanı kəndlərin sosial-iqtisadi inkişafı, kommunal xidmətlərin yaxşılaşdırılması və digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Ağsaqqalların səsləndirdiyi rəy, təklif və müraciətlər qeydiyyata alınıb, qaldırılan məsələlərin operativ həlli istiqamətində aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.








