Tədbirdə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vusal Quliyev, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, ziyalılar, YAP veteranları, idarə və müəssisələrin rəhbər və nümayəndələri, eləcə də gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov bütün kəlbəcərliləri 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə təbrik edərək, illərlə həsrətini çəkdiyimiz doğma torpaqlarımıza qayıtmağın hər birimiz üçün böyük qürur və xoşbəxtlik olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən mühüm siyasi, iqtisadi və hərbi islahatlardan, eləcə də Azərbaycanı tarixi Zəfərə aparan şərəfli yoldan bəhs edib. Adil Məmmədov bildirib ki, Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. O, həmçinin işğaldan azad edilmiş Kəlbəcərdə bu gün həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və abadlıq işləri, doğma yurda qayıdışın təmin olunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. Hər zaman olduğu kimi, bu gün də Kəlbəcər ağsaqqallarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini qətiyyətlə dəstəklədiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, ağsaqqallar Kəlbəcərin milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov öz çıxışında 25 Noyabr – Kəlbəcər Şəhəri Gününün tarixi və siyasi əhəmiyyətindən, Kəlbəcərin işğaldan azad olunmasının Azərbaycan tarixindəki müstəsna yerindən bəhs edib. O bildirib ki, Kəlbəcərin azadlığı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, yüksək sərkərdəlik məharəti və diplomatik fəaliyyəti, rəşadətli Ordumuzun gücü, şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində mümkün olub. Həbib Misirov çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən böyük Zəfər Azərbaycanın yeni tarixində şanlı səhifə açıb, Ermənistanın kapitulyasiyası ilə nəticələnən proseslərdən sonra 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edilərək doğma Azərbaycana qaytarılıb. Bu gün Kəlbəcərin azadlığı milli qürurumuzun, dövlətimizin qüdrətinin və xalqımızın yenilməz iradəsinin təcəssümüdür.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vusal Quliyev, YAP veteranı Əli Bağırov, Gənclər və idman sektorunun müdiri Musa Mamedov, Dövlət Sosial Müdafiə Fondunun Şərqi Zəngəzur Regional İdarəsinin müdiri Amil Salmanov, şəhid atası Muğan Şirinov, şəhid anası Güləndam Heydərova, Vətən müharibəsi qaziləri Elvin Hüseynov, Əliş Məmmədov və digər çıxış edənlər Kəlbəcərin azadlığı uğrunda mübarizənin tarixi, 25 Noyabrın xalqımız üçün daşıdığı mənəvi və siyasi əhəmiyyət, eləcə də rayonda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərdə də genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Doğma yurda qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin olunması, müasir sosial və iqtisadi infrastrukturun yaradılması, bölgənin inkişaf potensialının reallaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Kəlbəcərdə yol-nəqliyyat infrastrukturu yenidən qurulur, Murovdağ tunelinin inşası davam edir, Laçın–Kəlbəcər və Ağdərə–Kəlbəcər istiqamətlərində yol layihələri reallaşdırılır, elektrik enerjisi, su, qaz və rabitə infrastrukturu bərpa edilir, yeni yaşayış məhəllələri salınır, kəndlər yenidən qurulur, rayonun iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində davamlı işlər görülür. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Kəlbəcərin dirçəlişi, inkişafı və doğma sakinlərinin əbədi məskunlaşması Azərbaycanın güclü dövlətçilik siyasətinin, milli həmrəyliyinin və Zəfər ruhunun təntənəsidir.
Tədbirin sonunda şəhid ailələrinin üzvləri, qazilər, veteranlar və aktiv fəaliyyəti ilə seçilən bir qrup şəxs Fəxri fərmanlarla təltif olunublar.













