AD GÜNÜ TƏBRİKİ – ELMİRA SÜLEYMANOVA
Bu gün hamımızın sevimlisi, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycanın ilk Ombudsmanı, kimya elmləri doktoru, professor Elmira Süleymanovanın ad günüdür.
Elmira Süleymanova Ulu Öndər Heydər Əliyevin ən uğurlu kadrlarından biri olaraq Azərbaycanın ilk Ombudsmanı kimi 17 il ərzində ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində xalqımıza böyük xidmətlər göstərmişdir. Hər zaman ədalət tərəfdarı olaraq vətənpərvər ictimai-siyasi xadim kimi yüksək beynəlxalq tribunalardan Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş, Ermənistan tərəfindən ölkəmizin işğala məruz qalmasını, minlərlə azərbaycanlının qətlə yetirilməsini, yüzminlərlə insanın öz tarixi ata-baba yurdlarından didərgin salınaraq qaçqın-köçkün həyatı yaşamasını və hüquqlarının kobud şəkildə pozulmasını dünya ictimaiyyətinə çatdırmışdır.
Elmira xanım tanınmış bir alim kimi öz səmərəli fəaliyyəti ilə elmimizə də böyük töhfələr vermişdir. Elmi yaradıcılığını ictimai fəaliyyəti ilə ahəngdar şəkildə birləşdirərək müxtəlif sahələrdə Azərbaycanın inkişafı naminə xalqımıza dəyərli xidmətlər göstərən Elmira Süleymanovanın çoxşaxəli fədakar əməyi dövlətimiz və bir çox xarici ölkələr, beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə yüksək təltiflərlə – “Şöhrət”, “Şərəf”, 2-ci dərəcəli “Vətənə xidmətə görə”, “Beynəlxalq səfir”, “Böyük Qızıl Xaç” ordenləri ilə, Beynəlxalq Sülh Mükafatı, Türk Dünyası Onur Medalı və onlarla digər ali mükafatlarla qiymətləndirilmişdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçiliən və dünya elminə, mədəniyyətinə töhfələrinə, insan hüquqlarının müdafiəsində böyük xidmətlərinə görə Akademiyanın Beynəlxalq Qızıl Ulduz medalına layiq görülən Elmira Süleymanovanın adı Oslodakı Nobel Sülh Mükafatları Komitəsinin beynəlxalq koordinatorlar qrupu tərəfindən “1000 qadın — 2005-ci ilin Nobel Sülh mükafatına” adlı layihəsinin nominantları sırasına daxil edilmiş və Komitə tərəfindən qeydə alınmış “Dünyanın 1000 qadınından biri” kitabına salınmışdır.
Hər zaman Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasətini qətiyyətlə dəstəkləyən Elmira Süleymanova Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq bu gün də nümunəvi və fədakar fəaliyyəti ilə respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənclik enerjisi ilə çalışaraq cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəmizin tərəqqisi naminə potensial imkanlarını, bilik və bacarığını əsirgəmir. Şərəfli və fədakar ömür yolu gənc nəsil üçün örnək olan Elmira xanım həm də vətənpərvər övlad və nəvələr yetişdirən mehriban ana, nəvazişli nənə və gözəl ailə başçısıdır.
Bu xoş fürsətdən istifadə edərək Elmira Süleymanovanı – ömrünün kamillik zirvəsində olan dəyərli ziyalını, böyük alimi və gözəl insanı Ad Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV