Xəbərlər

Ağsaqqallar Abşeron rayonunda şəhid Rauf İbadovun anım tədbirində iştirak ediblər

Abşeron rayonunda Vətən müharibəsi şəhidi Rauf İbadovun əziz xatirəsinə həsr olunan anım tədbiri, eləcə də şəhidin adına çıxarılan “Haqq rəssamı” adlı kitabın təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhidin atası, Abşeron Rayon Ağsaqqqallar Şurasının sədri Məhərrəm İbadov, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, ziyalılar, gənclər, mədəniyyət xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dərin ehtiramlarını bildiriblər.
Tədbiri giriş nitqi ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqdan danışaraq, Rauf İbadov kimi şəhidlərin Vətənimizin azadlığı və suverenliyi naminə canından keçməsinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd edib. O, çıxışında şəhidlərin qanı bahasına əldə edilən Zəfərin əbədiləşdirilməsinin və onların xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edənlər – şəhidin atası, Abşeron Rayon Ağsaqqqallar Şurasının sədri Məhərrəm İbadov və şəhid Elçin Həsənlinin anası, eləcə də Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və digər natiqlər Rauf İbadovun, eləcə də bütün şəhidlərimizin qəhrəmanlığı barədə ürək sözlərini bölüşüblər. 44 günlük Vətən müharibəsində Azərbaycanın göstərdiyi rəşadətdən və qazandığı tarixi Qələbədən bəhs ediblər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən igid övladlarımızın daim yaddaşlarda yaşayacaqlarını bildiriblər. Qeyd ediblər ki, bu Qələbə müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti, şəhidlərimizin fədakarlığı və qazilərimizin igidliyi sayəsində mümkün olub.
Tədbirin sonunda duyğulu anlar yaşanıb. Belə ki, şəhid Rəhim Hüseynovun oğlu Fikrət Hüseynovun, şəhid Elsevər Paşayevin övladı Nəzrin Paşayevanın və şəhid Azər Salamanovun anası Zahidə xanımın doğum günləri tədbir iştirakçıları tərəfindən təbrik olunub. Onlara gül dəstələri təqdim olunaraq, şəhid ailələrinə göstərilən mənəvi dəstəyin bir nümunəsi kimi hörmət və ehtiram ifadə edilib. Eyni zamanda tədbirdə iştirak edənlər şəhid Əli Ələkbərovun övladlarını Türkiyədə keçirilən olimpiadada qazanmış olduqları qızıl medal münasibətilə təbrik ediblər. Bu uğurlar şəhid ailələrinin həm mənəvi, həm də fiziki dayanıqlığının göstəricisi olaraq qiymətləndirilib.
Tədbir zamanı şəhid Rauf İbadovun döyüş yolunu və qəhrəmanlığını əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda onun cəbhədə göstərdiyi igidlik, əsgər və zabit yoldaşlarının onun haqqında söylədikləri fikirlər, həmçinin ailəsinin duyğularına geniş yer verilib. Tədbirdə, həmçinin, şəhidin adına çıxarılan “Haqq rəssamı” adlı kitabın təqdimatı olub.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin də mütəmadi olaraq iştirak etdikləri bu cür tədbirlər şəhidlərimizin əziz xatirəsini yaşatmaqla yanaşı, gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasına da mühüm töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.