Ağsu Rayon Ağsaqqalla Şurasının üzvləri növbəti dəfə fevral ayının 11-də rayonunun Növcü bələdiyyəsinin iclasında iştirak ediblər.
İclasda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bələdiyyə ərazisində sosial-iqtisadi məsələlərin müzakirəsinə həsr olunmuş iclasda Ağsu Rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Nəzərov, Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, sektor müdiri Sadiq Nəsirov, Növcu bələdiyyəsinin sədri Niyaməddin Dəmirov, Rayon İcra Hakimiyyətinin ərazi bölgəsi üzrə nümayəndəsi Ziya Babayev, kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İclasda digər natiqlərlə yanaşı, Vaqif Nəzərov da çıxış edərək Növcü bələdiyyəsinin fəaliyyətini qənaətbəxş qiymətləndirib. Bildirib ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun da dəstəyi sayəsində aidiyyatı təşkilatlarla birgə bələdiyyə əhalinin bir sıra sosial və iqtisadi problemlərinin həll edilməsində yaxından iştirak edərək fəallıq nümayiş etdirir. Natiq öz çıxışında, həmçinin, bələdiyyə-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinin və bələdiyyələrin Rayon Ağsaqqallar Şurası ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Ağsu Rayon Ağsaqqallar Şurası rayonun bütün bələdiyyələri səmərəli əlaqələr quraraq bu təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirir.
Səmimi dialoq şəraitində mövcud problemlərin həlli istiqamətində faydalı müzakirələrlə keçən görüş sakinlərin sual və təkliflərinin dinlənilməsi ilə davam edib.





