Xəbərlər

Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Ağsu rayonunun ictimai-siyasi və mədəni həyatında, eləcə də Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 70 illik yubileyi münasibətilə Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərovun “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilməsi barədə əmr imzalayıb.
Ağsuda Vaqif Nəzərovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masada yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Rayon İcra Hakimiyyəti başçının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri, rayonun ictimai fəal və nüfuzlu qadınları iştirak ediblər.
Tədbirdə çıxış edən Sevil Mirzəliyeva Vaqif Nəzərovu Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun və öz adından təbrik edərək, ona Allahdan uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Vurğulayıb ki, Vaqif müəllim uzun müddət səmərəli pedaqoji fəaliyyət göstərərək və bu sahədə bir sıra məsul vəzifələrdə uğurla çalışaraq övladlarımızın elmin sirlərinə yiyələnməsində və nümunəvi vətəndaşlar olaraq formalaşmasında böyük xidmətlər göstərib. O, bu gün də Rayon Ağsaqqallar Şurasının və İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri olaraq müdrik ağsaqqal və vətənpərvər ziyalı kimi Ağsunun ictimai-siyasi və mədəni həyatında yaxından iştirakı ilə cəmiyyətimizin inkişafında, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Tədbir iştirakçılarına Azərbaycan Agsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdıran təşkilatın Aparat rəhbəri Ramin Həsənli öz çıxışında Vaqif Nəzərovun uğurla sədrlik etdiyi Ağsu Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatındakı müsbət rolunu xüsusi vurğulayıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəslə ötürülməsində ağsaqqalların fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Ağsu Rayon Agsaqqallar Şurasının sədri Vaqif Nəzərovun və onun timsalında bütün ağsaqqalların xalqımız və dövlətimiz üçün hər zaman dəyərli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq, həmçinin, rayon ağsaqqallarına göstərdiyi diqqət və qayğıya görə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova minnətdarlığını bildirib. Daha sonra Ramin Həsənli rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyət göstərən Ağsu Rayon Agsaqqallar Şurasının sədri Vaqif Nəzərovu xalqımıza və Vətənimizə göstərdiyi dəyərli xidmətlərinə görə və 70 illik yubileyi münasibətilə Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edərək, ona “Fəxri Ağsaqqal” döş nişanını təqdim edib və yubilyara möhkəm cansağlığı, gələcək fəaliyyətində davamlı uğurlar arzulayıb.
Dəyirmi masada çıxış edən digər natiqlər də Vaqif Nəzərovu 70 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunması münasibətilə təbrik edərək, ona sağlam və mənalı ömür, fəaliyyətində yeni-yeni nailiyyətlər diləyiblər.
Ağsu Rayon Agsaqqallar Şurasının sədri Vaqif Nəzərov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Agsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova, eləcə də bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək vurğulayıb ki, bundan sonra da yüksək əzmkarlıqla çalışacaq, doğma Ağsu rayonunun inkişafı və gənclərimizin maarifləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi üçün öz bilik və bacarığını əsirgəməyəcəkdir.
Tədbirdə, həmçinin, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə seçilən yeni üzvlərə vəsiqələr təqdim olunub. Yeni üzvlər arasında rayonun nüfuzlu, ictimai fəal qadınları da yer alıb.
Sonda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.