Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı Akif Rəfiyevin 88 yaşı tamam olub.
Akif Rəfiyev Azərbaycan Respublikasının prokurorluq və hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərərək ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, əhalinin əmin-amanlıq və təhlükəsiz şəraitdə yaşayışının təmin olunmasında, dövlətçiliyimizin müdafiəsində böyük xidmətlər göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini və Ədliyyə nazirinin müavini kimi bir sıra məsul vəzifələrdə çalışan Akif müəllim respublikamızda hüquq və ədliyyə sahəsinin inkişafına mühüm töhfələr vermiş, qanunçuluğun təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı fəaliyyətini daim yüksək səviyyədə həyata keçirmişdir. Fəaliyyəti boyunca hər zaman Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə sadiq qalan Akif Rəfiyev 1989-cu ildə ölkəmizdə, xüsusilə Qarabağda cinayətkarliğa qarşı mübarizədə, eləcə də sabitliyin təmin olunmasında xidmətlərinə görə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülmüş, 1998-ci ildə isə ona 3-cü dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general mayoru) rütbəsi verilmişdir. Qəzet və jurnallarda hüququn ayrı-ayrı aktual məsələləri və problemlərinə dair 100-dən artıq məqaləsi və müsahibəsi işıq üzü görmüşdür.
Akif Rəfiyev Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik ağsaqqal, vətənpərvər general kimi bu gün də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə doğma Vətənimizin inkişafı üçün yorulmadan səylər göstərir, ağsaqqallar hərakatına böyük töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda mübariz gənclərin yetişməsində mühüm rol oynayır. Biz əminik ki, o bundan sonra da öz yorulmaz fəaliyyəti ilə ölkəmizin xoşbəxt gələcəyi naminə var qüvvəsini, bilik və bacarığını əsirgəməyəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Akif Rəfiyevi – ömrünün kamillik zirvəsində olan müdrik ağsaqqalımızı, dəyərli ziyalımızı, vətənpərvər şəxsiyyəti və gözəl insanı Ad Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV