Astara rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində “Milli Dövlətçiliyimizin Xilaskarı” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev böyük tarixi inkişaf yolunda olan doğma Vətənimizin hər yerində Milli Qurtuluş Gününün təntənə ilə qeyd edildiyini bildirib. Vurğulayıb ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
O dövrdə hakimiyyətdə olanların səriştəsiz siyasəti, naşı rəhbərliyi ucbatından ölkəmizdə vətəndaş müharibəsi alovları güclənirdi, faktiki olaraq xaos, hərcmərclik yaranmışdı. Gərgin vəziyyət müstəqilliyimizin itirilməsi təhlükəsini, xalqımızın faciələrlə üz-üzə dayanmasını labüd etmişdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ümummilli Lider Heydər Əliyevin simasında görürdü. Ulu Öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələrək xalqın təkidli xahişi və tələbi ilə yenidən respublikaya rəhbərlik etməyə razılıq verdi. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən xalqımızın dahi oğlu Heydər Əliyev xilaskarlıq missiyasını uğurla icra etməyə başladı və bu tarixi qayıdış ölkənin qeyri-müəyyən gələcəkdən qurtulması, qardaş qırğınına son qoyulması, xalqın ümidlərinin bərpası oldu.
Qəzənfər Ağayev, həmçinin, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük inamla və uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov da 15 iyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin apardığı müdrik, təmkinli və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitliyin yaranmasından, Ümummilli Liderimizin müstəqilliyimizin başı üzərini almış təhlükəni sovuşduraraq onun əbədiliyini, sarsılmazlığını təmin etməsindən söz açıb. Qeyd edib ki, xalqımızın öz rəhbərinə – Heydər Əliyevə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə ümidləri daha da gücləndirib.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaqdan, parçalanmaqdan qurtulub. Asayiş və qayda-qanun bərqərar edilib, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyulub. Nizami ordu yaradılıb, Qarabağ müharibəsində atəşkəs əldə edilib, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlanılıb. İdarəetmə sistemi formalaşdırılıb, insanların öz dövlətinə inamı qaytarılıb. Neft müqavilələri imzalanıb, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyulub. İlk parlament seçkiləri keçirilib və referendum yolu ilə Konstitusiya qəbul edilib. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırılıb, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlanılıb.
Natiq İbadov, həmçinin, öz çıxışında bütün bu proseslərdə ağsaqqalların da yaxından iştirak etdiklərini, Azərbyacanın xilaskarı Ulu Öndər Heydər Əliyevi hərtərəfli dəstəklədiklərini vurğulayıb. Əlavə edib ki, bu gün də Azərbaycan Ağsaqqallar Şurasında, onun rayon və şəhər təşkilatlarında təmsil olunan ictimai-siyasi xadimlər, ziyalılar, elm adamları və digər üzvlər Ümummilli Liderimizin zəngin irsini, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini cəmiyyətimiz, xüsusilə də gənclərimiz arasında geniş təbliğ edirlər.
Tədbirdə YAP rayon təşkilatının və rayon icra hakimiyyətinin nümayəndələri, ağsaqqallar, qazilər və digər natiqlər də çıxış edərək Ulu Öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, xalqımızın Ümummilli Liderimizə olan möhkəm, sarsılmaz inamından, dəstəyindən və onun mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisindən bəhs ediblər. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsi olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən bir daha qürurla söz açıblar.
Bayram tədbiri Astara şəhərinin park-bulvar ərazisində təşkil olunmuş konsertlə davam edib.