Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası 9 May – faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə veteranları təbrik edib

Azərbaycan Ağsaqqallar Şurası 9 May – faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Veteranlar!

Sizi – böyük və tarixi zəfərə dəyərli töhfələr verən hər bir soydaşımızı, bütün Azərbaycan veteranlarını İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq, tərəqqi və uğurlar diləyirik!

80 il əvvəl 1945-ci ilin 9 mayında dünya xalqları faşizm üzərində tarixi Qələbə qazandılar. Bu Qələbənin qazanılmasında Azərbaycan xalqının misilsiz xidmətləri olmuşdur. Müharibə illərində 700 mindən çox azərbaycanlı cəbhəyə yollanmış, onlardan 300 mindən çoxu qəhrəmancasına həlak olmuşdur. Azərbaycan övladlarından 130-a yaxını Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 min nəfər müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanın bu Qələbədəki rolu təkcə döyüş meydanları ilə məhdudlaşmamışdır. Bakı nefti SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edərək, cəbhənin yanacaq təminatında həlledici rol oynamışdır. Ümummilli Lider Heydər Əliyev bu barədə demişdir: “Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi.”

Azərbaycanda veteranlara diqqət və qayğı siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışından sonra 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu gün də Azərbaycan dövləti və xalqı veteranlara yüksək ehtiram göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər il 9 May – Qələbə Günü münasibətilə veteranlara təbriklərini çatdırır, onların xidmətlərini yüksək qiymətləndirirlər.

Dəyərli veteranlar, Sizin göstərdiyiniz şücaət və fədakarlıq, Vətənə olan sevginiz və sədaqətiniz gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Sizin həyat yolunuz, zəngin təcrübəniz və müdrikliyiniz cəmiyyətimiz üçün dəyərli bir irsdir. Sizin, qəhrəman azərbaycanlıların davamçıları – igid Vətən oğulları Qarabağımızda tarixi ədaləti bərpa edərək şanlı Zəfər qazandılar. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın edərək doğma torpaqlarımızı işğaldan azad etdilər. Biz ağsaqqallar xalqımıza əziz olan hər bir veteranla yanaşı, I və II Qarabağ müharibəsi qazilərimizə də dərin minnətdarlığımızı bildirir, Vətənimiz uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anırıq.

Əziz veteranlar!

Bu əlamətdar gün – faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə bir daha Sizi səmimi-qəlbdən təbrik edir, xalqımıza və dövlətimizə sülh, rifah, inkişaf və əmin-amanlıq diləyirik!

 

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                             Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.