Dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 62 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından cənab Prezidentə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
Möhtərəm cənab Prezident!
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar diləyirik!
Sizin rəhbərliyiniz ilə bu gün öz tarixinin ən möhtəşəm dövrünü yaşayan Azərbaycan qüdrətli orduya, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə və dünyada böyük nüfuza malik qalib bir ölkədir. Siz XXI əsrin ən güclü liderlərindən biri olaraq Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevirmisiniz. Ölkə başçısı seçildiyiniz ilk gündən Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, hər bir vətəndaşımızın Prezidenti oldunuz. Torpaqlarımızın işğalı ilə heç vaxt barışmayaraq, Ata vəsiyyətinə əməl edərək bizə öz doğma ata-baba yurdumuzu, Qarabağımızı qaytardınız. Artıq Sizin rəhbərliyiniz altında işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq, yenidənqurma işləri gedir. Əminik ki, tezliklə Qarabağımız yenidən gülüstana çevriləcəkdir.
Xalqımızın hər bir nümayəndəsi kimi biz – ağsaqqallar da misilsiz xidmətlərinizi yüksək qiymətləndirir, Sizinlə qürur duyuruq. Böyük əminliklə və fəxrlə qeyd etmək istəyirik ki, hər zaman olduğu kimi, 7 fevral 2024-cü il prezident seçkilərində də 35 minlik Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü Sizin yanınızda olacaq və qüdrətli, müasir, zəngin Azərbaycanın memarı kimi öz adını əbədi olaraq xalqımızın qəlbinə yazdıran güclü Liderə – Sizə səs verəcəkdir.
Əziz və çox hörmətli Prezidentimiz!
Bir daha Sizi bütün səmimiyyətimizlə doğum gününüz və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Yeni il münasibətilə ürəkdən təbrik edir, Sizə sağlam və uzun ömür, ailə səadəti, layiq olduğunuz böyük qələbələr və xalqımızın rifahı naminə gördüyünüz bütün işlərdə tükənməz nailiyyətlər arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
çoxminli üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev