Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan sevincli günlərində olduğu kimi, kədərli günlərdə də daim birlikdədir və çətin vaxtlarda bir-birini dəstəkləyir. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması və xəsarət alması hər bir vətəndaşımız kimi, Azərbaycan Ağsaqqallar Şurasının üzvlərini də dərindən sarsıdıb və hamımız qardaş Türkiyənin dərdinə şərikik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardım başlanılıb. Hazırda zəlzələdən zərər çəkənlər üçün təşkil edilən yardım kampaniyasına qoşulan təşkilatların və vətəndaşların sayı durmadan artır. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə Şura da bu yardım kampaniyasına qoşulub.
Belə ki, Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası üçün Əl Oyunları Sarayındakı yardım toplama məntəqəsinə Azərbaycan Ağsaqqallar Şurası tərəfindən yataq dəstləri (yorğan, döşək, yastıq), həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş isti geyimlər və təbii fəlakətdən zərər çəkmiş bölgələrdə insanların hazırda ehtiyac duyduğu digər əşyalar təhvil verilib.
Bir daha qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, bütün yaxınlarına və türk xalqına bağsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, qardaş Türkiyə xalqı və dövləti bu çətinliyin də öhdəsindən gələcək, baş vermiş hadisənin nəticələri tezliklə aradan qaldırılacaq və türk soydaşlarımız normal həyatlarına davam edəcəklər.