Azərbaycan Ağsaqqallar Şurası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə soydaşlarımızı təbrik edib.
Əziz həmvətənlər!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2023-cü il münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayırıq!
Azərbaycanın müstəqillik tarixinə daha bir Zəfər, sabitlik və tərəqqi ili yazılmaqdadır. Möhtəşəm Qələbəmizin 2-ci ildönümünü qeyd etdiyimiz 2022-ci ildə də xalqımız Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunda qətiyyətli addımlarını atdı. Dünyada yaşayan soydaşlarımızın vahid Vətəndə – Azərbaycanda bir ideya ətrafında birləşməsi, azərbaycançılıq ideologiyasının fundamental əsaslarının formalaşması məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində mümkün olmuşdur. Bu il hər bir vətəndaşımız kimi, biz – respublika ağsaqqalları da Ümummilli Liderimizin ideallarının sarsılmazlığının bir daha şahidi olduq və məmnunluq hissi duyuruq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində qazanılan yüksək nailiyyətlərlə yanaşı, bu gün ölkəmizdə mənəvi dəyərlərə sayğı və hörmətlə yanaşılır, milli dövlətçilik ənənələri qorunub saxlanılır, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatımızda böyük irəliləyişlər davam edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır.
Dəyərli soydaşlar!
Təəssüf ki, uğurlarımızı, haqq savaşımız olan Vətən müharibəsində qəhrəman oğullarımızın canı, qanı bahasına qazanılan möhtəşəm Qələbəmizi, işğaldan azad edilən torpaqlarımızda aparılan geniş vüsətli quruculuq işlərini, əmin-amanlığımızı, iqtisadi yüksəlişimizi, bir sözlə Azərbaycanın inkişafını, rifahını gözü götürməyən qüvvələr hələ də var. Buna görə də biz – bütün dünya azərbaycanlıları həmrəyliyimizi daha da, artırmalı, möhkəmləndirməli, milli birliyimizin sarsılmaz qalması üçün hamımız “dəmir yumruq” kimi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında dah sıx birləşməli və güclü qalmalıyıq. Əminik ki, dünya azərbaycanlılarının lideri cənab İlham Əliyevin bütün məsələlərə münasibətdə nümayiş etdirdiyi yüksək elmi təfəkkürü, bacarığı və qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan dövləti daha da inkişaf edəcək, xalqımız sabitlik, bolluq və rifah içində quruculuq işlərini uğurla davam etdirəcəkdir.
Bir daha sizi bu gözəl bayramlar münasibətilə ürəkdən təbrik edir, Ulu Öndərimiz Heydər Əliyev İlində – 2023-cü ildə hər bir soydaşımıza cansağlığı, əmin-amanlıq və ailə səadəti arzulayırıq!
Bayramınız mübarək olsun!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV