Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı

Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı Bəyanat qəbul edib. Bəyanatda deyilir:

Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən təxribatı hiddətlə qarşılayaraq, qərəzli surətdə hazırlanmış terror aktı kimi qiymətləndirir. Azərbaycanın toxunulmaz ərazisi hesab edilən səfirliyimizə silahlı hücumun qarşısının alınmamasını səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borclu olan İran hakimiyyətinin müvafiq beynəlxalq konvensiyaların tələblərinə əməl etməməsinin nəticəsi hesab edirik.
Bu qanlı terror aktı zamanı öz xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərova Allahdan rəhmət diləyərək ailəsinə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmalarını arzulayırıq.
Son illərdə İranın rəsmi dairələrində və kütləvi informasiya vasitələrində Azərbaycana qarşı xoşagəlməz münasibət sərgilənir, hətta açıq şəkildə düşmənçilik təbliğatı aparılır. Bu siyasət fonunda səfirliyimizə silahlı hücumun düşünülmüş şəkildə həyata keçirlməməsi inandırıcı deyildir, belə ki, səfirliyi qorumalı olan İran polisinin öz vəzifə borcunu yerinə yetirməyərək heç bir tədbir görməməsi, əksinə hadisənin baş verməsinə şərait yaratması bunu bir daha sübut edir. Baş verən bu terror barədə ağlasığmaz yalan versiyalar irəli sürərək, məişət zəminindəki adi hadisə kimi qələmə vermək və cinayətkara bəraət qazandırmağa çalışmaq İranın hakimiyyət orqanlarının məsuliyyətdən yayınmağa cəhd etməsini göstərir.
Diplomatik imtiyazları və toxunulmazlıqları olan səfirlik əməkdaşlarının qətlinə yönəldilən bu terror aktı xalqımıza və dövlətçiliyimizə qarşı açıq təhdiddir. Azərbaycan Respublikasına qarşı nümayiş etdirilən bu cür düşmənçilik münasibətini qəbuledilməz hesab edirik və İran hökumətindən bu münasibətə son qoyulmasını tələb edirik, ən azı tarixi və dini yaxınlığımız olan qonşu dövlət kimi öz öhdəliklərinə əməl etsin, baş verən bu terror hadisələrinə göz yummasın.
Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin İran səfirliyində baş verən terror aktını bir daha qətiyyətlə pisləyərək, xalqımızdan üzr istənilməsini və bu təxribatın təşkilatçılarının müəyyənləşdirilərək ən ciddi şəkildə cəzalandırılmasını İran hökumətindən tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.