Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti Fransa Senatının qətnaməsi ilə bağlı Bəyanat qəbul edib. Bəyanatda deyilir:
Hər zaman Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən, beynəlxalq miqyasda tanınmış ərazilərimizin 20 faizinin 30 il ərzində nankor qonşularımız tərəfindən işğal altında saxlanmasına, yüzminlələ azərbaycanlının hüquqlarının tapdalanmasına və qaçqın, köçkün həyatı yaşamasına heç bir əhəmiyyət verməyən dırnaqarası “demokratik” Fransa və onun qərəzli, riyakar qanunverici orqanı olan Senat böhtan xarakterli qətnaməsi ilə növbəti dəfə Azərbaycana qarşı özünün haqdan, ədalətdən uzaq mənfur xislətini göstərib.
Ölkəmizə qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxararaq qəbul edən Senat öz bədnam qətnaməsində “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsini, Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını, erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görməsini, hətta tarixin qəbiristanlığına gömülən qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasını” və başqa bu kimi ağlagəlməyən, məntiqə sığmayan, hüquqi və faktiki əsası olmayan, böhtan və şər dolu sərsəmləmələr tələb edir.
Fransa Senatının qərəzli, üzdəniraq qətnaməsində belə məsuliyyətsiz, beynəlxalq hüquqa zidd, real vəziyyətlə bağlı tamamilə yalnış mənzərə yaradan əsassız iddialar hər bir azərbaycanlı kimi, biz ağsaqqalları da çox hiddətləndirir. 44 günlük Vətən müharibəsində qazandığımız, haqqımız olan Zəfəri gözü götürməyən bu anti-Azərbaycan qüvvələr yenə öz məkrli niyyətlərini göstərərək daxili işlərimizə müdaxilə etməklə Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə ciddi xələl gətirirlər.
Biz, Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri bir daha şər niyyətli bu qüvvələrə üzümüzü tutub deyirik: Ermənistanın ölkəmizə qarşı uzun illər davam edən işğalçılığına müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli hərbi siyasəti, “dəmir yumruğu” – polad iradəli əsgər və zabitlərimiz son qoydular. Artıq Qarabağ problemi, status məsələsi həll olunub. İşğaldan azad edilmiş torpaqlarımızda, Qarabağda yaşayan hər bir vətəndaş kimi ermənilər də Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyinə, hüquq və azadlıqlarının qorunmasına dövlətimiz tərəfindən tam təminat verilir.
Qoy Fransa uzun illər Əlcəzairin, Mərakeşin, Tunisin və onlarla digər dövlətin ərazisini işğal etməsinə, maddi və mənəvi sərvətlərini talamasına, həmin dövlətlərin xalqlarını əsarətdə saxlayaraq dinc sakinlərə qarşı törətdiyi vəhşiliklərə, cinayətlərə, soyqırımlara, özünün qanla yazdığı qara ləkəli tarixinə görə cavab versin!
Sonda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvlərinə, ümumiyyətlə, bütün beynəlxalq təşkilatlara, həqiqi demokratik ruhlu mütərəqqi dövlətlərə, dilinindən, dinindən asılı olmayaraq ədalət hissini unutmayan hər bir kəsə müracət edərək onları ölkəmizə qərəz, nifrət, şər püskürən qüvvələrə qarşı haqq yolundan dönməyən Azərbaycanın yanında olmağa, onu dəstəkləməyə çağırırıq.