3 mart 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.
Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Elşad Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov və başqaları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar, daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edilən kitab sərgisi ilə tanış olublar.
Konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov öz çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması istiqamətindəki tarixi xidmətlərinə diqqət çəkib. O qeyd edib ki, Ümummilli Lider dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, milli təhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması, milli ideyaların daşıyıcısı olan ziyalıların sovet repressiyasından qorunması istiqamətində də mühüm addımlar atıb.
Sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov Ümummili Liderin ölkə həyatının bütün sahələrində olduğu kimi, milli təhlükəsizlik sahəsində də böyük işlər həyata keçirdiyini vurğulayıb. Əli Pənahov qeyd edib ki, Heydər Əliyevin milli təhlükəsizlik siyasəti xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına ciddi töhfə verib, bu müstəvidə yeni və mütərəqqi ənənələrin formalaşmasına səbəb olub. Hansı ki, bu ənənələr bu gün də yaşadılmaqda, inkişaf etdirilməkdədir. O qeyd edib ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də var olacaq, əbədi yaşayacaqdır.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Elşad Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvü Elşad Həsənov, hüquqşünas Şəmsəddin Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin milli təhlükəsizlik sahəsindəki xidmətlərindən bəhs ediblər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Qeyd edib ki, biz bu gün yenə də dünyanın hər yerindən görünən Ulu Öndər Heydər Əliyevin nuruna, işığına toplaşmışıq. Həqiqətən də Allah-Təala Azərbaycan xalqını sevir ki, bu xalqa Heydər Əliyev kimi dahi lider və əvəzedilməz xilaskar bəxş edib. Onun kimi şəxsiyyətlər yüz illər, min illər ərzində bir dəfə doğulur, – deyə əlavə edib. Bayram Yusifov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə ölkəmizin hansı çətinliklərlə, problemlərlə üzləşdiyini, Azərbaycanın parçalanmaq təhlükəsi qarşısında olduğunu bir daha tədbir iştirakçılarına, xüsusilə gənclərə xatırladıb. Vurğulayıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin varisi Azərbaycan Respulikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu inkişaf yolunu xalqımızın mənafeyi, onun inamlı sabahı, işıqlı gələcəyi naminə uğurla davam etdirir.
Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edib. Təşkilat sədri Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirib, universitet illəri ilə bağlı maraqlı məqamlardan söhbət açıb. Ulu Öndərin həyat və fəaliyyətinin hər bir azərbaycanlıya örnək olduğunu qeyd edən Fatma Səttarova, onun irsinin bundan sonra da sevə-sevə tədqiq edilərək öyrəniləcəyini bildirib.
Konfransın sonunda xatirə şəkli çəkilib.