Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun 60 illik yubileyi ilə əlaqədar onun çalışdığı Şurada tədbir keçirilib.

Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov və professor Elmira Süleymanova, Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən təşkilatın məsul şəxsləri Rafiq Rzayev, Elşad Quliyev və Vüqar Əmiraslanov iştirak edib.

Bayram Yusifovu yubileyi münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev yubilyarın Şuradakı uzunmüddətli və səmərəli fəaliyyətindən ətrafli bəhs edərək onun gənclərimizin maarifləndirilməsi, eləcə də vətənpərvərlik ruhunda tərbiyə olunmasında gördüyü işlərdən söz açıb. Qeyd edib ki, Bayram Yusifov Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursunun, o cümlədən xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi ənənələrinin cəmiyyət arasında təbliğ edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Əhliman Əmiraslanov, Eldar İbrahimov və Elmira Süleymanova da yubilyarı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Bildiriblər ki, 2002-ci ildən Azərbaycan Aqsaqqallar Şurasının işində yaxından iştirak edən və öz səmərəli fəaliyyəti ilə seçilən Bayram Yusifov 2009-cu ildən indiyədək Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini vəzifəsini uğurla həyata keçirir. 20 illik ictimai fəaliyyəti dövründə fədakar əməyi, intellektual səviyyəsi, yüksək insani keyfiyyətləri, işgüzarlığı və prinsipiallığı ilə hər kəsin etimadını doğruldan, insanlardan öz maddi və mənəvi dəstəyini əsirgəməyən  Bayram Yusifov bu gün də tükənməz enerji və həvəslə çalışır.

Sonra Eldar Quliyev Bayram Yusifovu Şuradakı səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov ona göstərilən diqqətə, xoş sözlərə və gözəl arzulara görə hər kəsə öz təşəkkürünü bildirərək, onun fəaliyyətini yüksək dəyərləndirən Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevə dərin minnətdarlığını ifadə edib. Bundan sonra da Vətənimizin inkişafı naminə var qüvvəsi ilə çalışacağını bildirib.

Sonda yubilyara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.