Azərbaycan Ağsaqqallar Şurasının sədri, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputat seçilmiş professor Eldar Quliyev mayın 7-də növbəti dəfə qazilərlə görüşüb.
Görüşdə Sabunçu rayonundan olan I Qarabağ və 44 günlük Vətən müharibəsi qaziləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, habelə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, mətbuat katibi Rafiq Rzayev və başqaları iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizdə, o cümlədən Sabunçu rayonunda görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edib. Vurğulayıb ki, rayonda parklar abadlaşdırılıb, məscid, məktəb və poliklinikalar təmir və bərpa edilib, mövcud su problemləri həll olunub, yollar asfaltlanıb və bir sıra digər əhəmiyyətli işlər həyata keçirilib. Ümumiyyətlə, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın iqtisadi qüdrəti, beynəlxalq nüfuzu gündən-günə güclənir. O, həmçinin qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində özünü görkəmli ictimai-siyasi xadim olmaqla yanaşı, həm də böyük sərkərdə, bacarıqlı diplomat kimi də göstərib. Onun rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz düşmən üzərində şanlı Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad ediblər. Bu gün bir daha şəhidlərimizin ölməz ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı diləyirik. Eldar Quliyev hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi nəzarəti altında şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb. Əlavə edib ki, ümumiyyətlə, biz hamımız xalqımıza qələbə sevincini yaşadan qəhrəmanlarımıza qarşı öz qayğımızı əsirgəməməliyik.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev görüşdə iştirak edən I Qarabağ və 44 günlük Vətən müharibəsi qazilərinin – Mustafa Mustafayevin, Elxan Qəniyevin, Emin Əliyevin, Əliheydər Mayılovun, Əli Haşumovun və digərlərinin qayğıları ilə maraqlanıb. Onların problemlərini dinləyib və müraciət edən bütün qaziləri narahat edən məsələlərin hərtərəfli araşdırılacağını və müvafiq dövlət qurumları ilə birgə həll olunması üçün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.
Görüşdə çıxış edən Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vəli Qaraçaylı vurğulayıb ki, bu gün qazilərimizin müalicəsi, cəmiyyətə inteqrasiyası, lazımı tələbatlarının ödənilməsi bütün qurumların və vətəndaşlarımızın əsas vəzifələrindən biridir. Bununla bağlı mütəmadi olaraq gördüyü işlərə, şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə sakinlər adından öz minnətdarlığını bildirərək, bu əməllərin hər birimiz üçün nümunə olduğunu qeyd edib.