Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar keçirilmiş tədbirlərdə iştirak ediblər

Şəhər və rayon Ağsaqqallar Şuralarının üzvləri Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar ölkəmizin bütün bölgələrində keçirilmiş silsilə tədbirlərdə yaxından iştirak ediblər.
Anım tədbirlərində əbədiyaşar lider Heydər Əliyevin şəhər və rayonların mərkəzlərində ucaldılmış abidələri ziyarət edilərək önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub. Eyni zamanda ağsaqqallar Heydər Əliyev mərkəzlərində olublar, orada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçiriblər. Bir çox şəhər və rayonlarda Anım mərasimləri Şuranın yerli təşkilatlarında, həmçinin icra hakimiyyətlərində, idarə və təhsil müəssisələrində keçirilən konfrans və tədbirlərlə davam edib. Bu tədbirlərdə çıxış edən natiqlər, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının üzvləri tarixə adını qızıl hərflərlə həkk etmiş Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, zəngin fəaliyyətindən, misilsiz xidmətlərindən və yüksək insani-əxlaqi keyfiyyətlərindən bəhs ediblər. Bu işıqlı yolu böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi yüksək nailiyyətlərdən söz açıblar. Vurğulayıblar ki, öz fəaliyyətləri ilə hər zaman Ümummilli Liderin zəngin mənəvi irsini, milli dövlətçilik ideyalarını cəmiyyətə, xüsusilə gənclərə aşılayan Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 2023-cü ildə – “Heydər Əliyev İli”ndə üzərlərinə düşən vəzifələri daha fəal şəkildə həyata keçirəcəklər.
Regionlarla yanaşı, paytaxtda da ağsaqqallar Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə və mərasimlərdə yaxından iştirak ediblər. Dekabrın 12-də Heydər məscidində Ulu Öndərin Anım gününə həsr edilən böyük tədbirə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri də dəvət olunublar. Məsciddə mərasim iştirakçıları tərəfindən xatirəsi ehtiramla yad edilən Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar edilib, Qurani-Kərimdən ayələr oxunub, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən video-çarxa baxılıb. Daha sonra ehsan süfrəsi açılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.