Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib və Bəyanat qəbul edilib

25 dekabr tarixində Azərbaycan Kooperasiya Universitetinin iclas zalında Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib.

Ümumi yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov,  müavinlər – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, Ağalar Vəliyev, professor Vahid Novruzov, Tahir Süleymanov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, professor Kamran İmanov, akademik Abel Məhərrəmov, professor Misir Mərdanov, professor Şəmsəddin Hacıyev, professor İbrahim Quliyev, Vahid Quliyev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən Şuranın 77 şəhər və rayon təşkilatından olan nümayəndə heyətləri, ölkəmizin tanınmış alimləri, ziyalıları və gənclər iştirak ediblər.
Ümumi yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimizin və ötən dövr ərzində vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illlik uğurlu fəaliyyətindən və misilsiz xidmətlərindən bəhs edən videoçarxın nümayişindən sonra Ümumi yığıncaq öz işinə başlayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Sonra o, öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının 2023-cü ildəki fəaliyyətindən ətraflı danışaraq bildirib ki, cari il ərzində təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğini geniş şəkildə həyata keçirmək olub. Əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair Hesabatı geniş şəkildə kitabça formasında çap olunaraq tədbir iştirakçılarına paylanılıb. Sonra Eldar Quliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin 20 illik səmərəli dövlətçilik fəaliyyətindən, tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməsindən bəhs edib, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevrildiyini vurğulayıb. Bildirib ki, 35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurası bu gün Ümumi yığıncaq keçirərək Prezident İlham Əliyevin siyasətinin davam etdirilməsini tarixi zərurət hesab edir. Çünki cənab İlham Əliyevin yolu Zəfər, əmin-amanlıq, sülh, rifah və tərəqqi yoludur!
Sonra Ümumi yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.
Daha sonra tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, həmçinin Şuranın İdarə Heyətinin üzvləri – akademik Abel Məhərrəmov, professor Misir Mərdanov, o cümlədən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov və başqaları çıxış edərək Şuranın cari ildəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Bildiriblər ki, təşkilatın hər bir üzvü qüdrətli, müasir, zəngin ölkəmizin memarı olan güclü və alternativsiz Liderin-İlham Əliyevin uğurlu yolunun davam etdirilməsini dəstəkləyir.
Ümumi yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev Şəki Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədri Vaqif Əhmodovu təbrik edərək ona təşkilatın vəsiqəsini təqdim edib.
Ümumi yığıncağın sonunda Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı qəbul olunub və Bəyanat Şuranın sədr müavini, millət vəkili, professor Eldar İbrahimov tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bəyanatda deyilir:
“Azərbaycan Ağsaqqallar Şurası xalqımızın mütərəqqi tarixi ənənələrinin, zəngin milli-mənəvi dəyərlərinin qorunması işinə daim öz töhfəsini verməyə çalışır.
Ağsaqqal xeyir-duası hər bir azərbaycanlı üçün böyük məna daşıyır. Cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində ağsaqqal sözünə hər zaman ehtiyac duyulub.
Xalqımız həmişə müdrikliyə arxalanıb, tarixin ən həlledici anlarında müdrik seçimlər Azərbaycanı böyük bəlalardan qoruyub.
1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində bu gün əldə olunan bütün uğurların təməlini qoydu.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş nəhəng tarixi şəxsiyyətdir, o, özündən sonra böyük siyasi irs miras qoyub. Ulu Öndər Heydər Əliyevin xalqımıza bəxş etdikləri saysız-hesabsızdır, o həm də Azərbaycan xalqına İlham Əliyev kimi oğul bəxş edib!
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”. 20 il əvvəl bu sözləri Ulu Öndər sanki bu günləri görərək deyirdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Heydər Əliyev yolunu, irsini ən layiqli şəkildə davam etdirir, o, “Ata vəsiyyəti”ni yerinə yetirərək Şuşanı azad etdi. 3 ay öncə Xankəndini işğaldan azad etdi. Bu gün bütün Qarabağda, Şərqi Zəngəzurda şanlı Azərbaycan Bayrağı qürurla dalğalanır.
Cənab İlham Əliyev qalib xalqın qalib lideridir!
Biz ağsaqqallar 30 il əvvəli də, 20 il əvvəli də yaxşı xatırlayırıq, xalqımız necə iztirablar çəkirdi. Vətən, yurd nisgili, həsrəti ilə sıralarımızdan nə qədər insan bu dünyadan köçdü. Biz xoşbəxt insanlarıq ki, bu günü gördük. Xalqımızın, dövlətimizin bu xoşbəxt günlərini görmək nəsibimiz oldu. Bu gün Azərbaycan tarixində olmayan qədər qüdrətli dövlətdir!
Biz gənclərlə daim ünsiyyətdəyik, onlarla fəxr edirik! Sirr deyil ki, bu gün bəzi hallarda kənardan milli-mənəvi dəyərlərimiz hücuma məruz qalır, yad ünsürlər gənclərimizi təsir altına salmağa, onların gözündə tarixi keçmişimizi, Vətənimizi, dövlətçiliyimizi təhrif etməyə çalışırlar. Ancaq heç nəyə nail ola bilmirlər. Çünki bu gənclik Prezident İlham Əliyevin dövründə yetiişib, bu gənclik Qarabağ uğrunda canını, qanını verib.
Azərbaycanda yaşlı nəsil də, gənc nəsil də bir yerdədir, bütün xalqımız Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bir yumruq kimi birləşib. Bu dəmir yumruğun gücünü 44 günlük Vətən müharibəsi göstərdi.
Bundan sonra Azərbaycanı ancaq qələbələr gözləyir. Tam müstəqil siyasət, tam ərazi bötövlüyü, tam suverenlik, güclü iqtisadiyyat, böyük intellektual potensial, insan resursları və ağıllı, çevik idarəçilik – budur, İlham Əliyevin yaratdığı Azərbaycan!
İlham Əliyev Azərbaycan xalqının milli lideridir. Biz ağsaqqallar, Sizinlə fəxr edirik, cənab Prezident!
35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurası bu gün Ümumi Yığıncaq keçirərək Prezident İlham Əliyevin siyasətinin davamını istədiyini bəyan edir. Çünki bu yol qələbə, təhlükəsizlik, əmin-amanlıq, rifah, inkişaf yoludur!
Biz daim Sizinləyik, cənab Prezident!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.