Bu gün torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri – Şuranın sədr müavini, professor Elmira Süleymanova, Aparat rəhbəri Ramin Həsənli, təşkilatın məsul şəxsləri Rafiq Rzayev, Elşad Quliyev, habelə “Azərbaycan Qadın və İnkişaf Mərkəzi”nin üzvləri, şəhid valideynləri və yaxınları II Fəxri Xiyabanda Milli Qəhrəmanın qəbrini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Ziyarət zamanı Elmira Süleymanova Mübariz İbrahimovun keçdiyi qısa, lakin şərəfli ömür yolundan, göstərdiyi igidliklərdən söz açıb. Vurğulayıb ki, qəhrəman gizirimiz torpaqlarımızın zəbt olunmasına, Vətənimizin parçalanmasına dözməyərək təkbaşına cəbhə xəttində minalanmış sahəni keçərək, işğalçı Ermənistan silahlı qüvvələrinin mövqelərində düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Bu qeyri-bərabər döyüşdə özü də qəhrəmancasına şəhid olub. Yalnız Azərbaycanın deyil, bütün türk dünyasının igid oğlu Mübariz İbrahimovun göstərdiyi şücaətin möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyini və onun ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasındakı xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyünü qeyd edib.
Mübariz İbrahimovun şücaətlərindən danışan Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli bildirib ki, bu gün millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında Şuranın əsas fəaliyyət istiqamətlərindən biri də gənclərimizin Mübariz kimi vətənpərvər ruhda yetişməsinə ciddi töhfə verməkdir. Öz igidliyi ilə gənclərimizə örnək olan və və şanlı Azərbaycan tarixinə adını əbədi olaraq yazdıraraq ölməzlik qazanmış Milli Qəhrəmanımızın əziz xatirəsi xalqımız tərəfindən heç zaman unudulmayacaqdır.
Xatırladaq ki, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür.
Sonra Elmira Süleymanovanın rəhbərlik etdiyi “Azərbaycan Qadın və İnkişaf Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “Azərbaycan Uşaqlarının və Gənclərinin Sülh Şəbəkəsi”nin “Liderlik” məktəbinin məzunu olmuş, Füzuli uğrunda gedən döyüşlərdə canını fəda etmiş , “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş şəhid gizir Sübhan Abdurahmanlının da məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub.